Aprelin 20-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı koordinatorluğunun birgə layihəsi çərçivəsində “Kitabın işığın olsun” adlı tədbir keçirilib.
Tədbir Türkiyənin milli bayramı - Milli Suverenlik və Uşaq Gününə (23 aprel) həsr olunub. Mərasim Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış ediblər. Qeyd edilib ki, tədbirin əsas məqsədi türk xalqlarının mədəniyyətini təbliğ etmək, uşaqların xarakterlərinin formalaşmasında kitabın ən yaxşı və əvəzsiz vasitə olduğunu diqqətə çatdırmaqdır.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman bildirib ki, mühəndislər, iqtisadçılar çox fərqli işlər görə bilərlər, amma kitabın işıq, işığın da kitab olması çox anlamlı bir işdir. Azərbaycan və Türkiyə yazarlarının kitablarını uşaqlara tanıtmaq çox qürurvericidir.
Tədbir çərçivəsində 7 saylı Uşaq musiqi məktəbi, 3 saylı Uşaq-gənclər inkişaf mərkəzi, Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbi şagirdlərinin və müğənni Elnur Hüseynovun ifasında şeirlər, mahnılar və rəqslər, kompozisiyalar təqdim olunub. Kəloğlan, Cırtdan, Molla Nəsrəddin kimi nağıl-lətifə personajlarının canlandırıldığı səhnəciklər də maraqla qarşılanıb.
Qeyd edək ki, layihə çərçivəsində Türkiyə uşaq yazarlarından Vural Kaya, Bestami Yazğan, Yavuz Bahaduroğlu, Azərbaycan yazıçılarından Əziz Sultanovun müəllifi olduqları 10 adda kitab kitabxanalara, təhsil müəssisələrinə, uşaqlara hədiyyə ediləcək.