Həyat hadisələrinin məna və mahiyyətini bədii-estetik ifadə vasitələri ilə lentlərə köçürən, qəlblərə yol tapan filmlər cəmiyyətin tələbatına, nəsillərin sevimlisinə çevrilir.
Görkəmli rejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun quruluş verdiyi “Şərikli çörək” (1969) filmi də kino salnaməmizin uğurlu nümunələrindəndir. Bir çox kadrlarını əzbər bildiyimiz filmin ekranlara çıxmasından 50 il ötür.
Uşaq aktyorların da istedad və bacarıq nümayiş etdirdiyi filmdə yaradıcı heyət İkinci Dünya müharibəsi illərinin ağır günlərini yüksək peşəkarlıqla əks etdirib. Həmin illərdə arxa cəbhədəki insanların çətinliklərlə üzləşməsi, uşaqlığı əlindən alınan, müharibənin ağrı-acılarını yaşamağa məcbur olan azyaşlı və yeniyetmələrin fərdi cizgiləri filmdə həssaslıqla təsvir olunub.
Uşaqlarla işləmək rejissordan istedad, bacarıqla yanaşı səbir də tələb edir. Şamil Mahmudbəyov da uşaqlarla işləməkdən bezməyən, onların aktyorluq istedadını üzə çıxaran, onuncu planlı uşaq rolunun iştirakçısını belə filmin aparıcı qüvvəsinə çevirən rejissorlarımızdandır. Filmdə operator assistenti kimi işləmiş kinooperator, Əməkdar incəsən xadimi Amin Novruzov qeyd edir ki, Şamil müəllim qeyri-istedada malik sənətkar idi. Uşaqları çox sevirdi. Onlara rolun mahiyyətini elə başa salırdı ki, uşaqlar özləri rola mizan verirdilər. Məsələn, filmin baş qəhrəmanı Vaqif (Kamran Rəcəbov) bəzən rola uyğun elə davranırdı ki, biz özümüz də buna təəccüb edirdik. Vaqifin evlərində tək qalması səhnəsini xatırlayaq. O, acdır, dolabda yeməyə bir şey axtarır. Heç nə tapmır. Yorğun və bezgin halda stolun bir küncündə əyləşir. Bu zaman gözü stolun üstündəki boş qəndqabına sataşır. Qabın dibində qalan ovuntuları ovcunun içinə töküb yeyir. Sonra isə qabın dibini acgözlüklə yalamağa başlayır. Peşman və yorğun halda yatağına uzanır, körpə uşaq kimi baş barmağını ağzına apararaq yuxuya gedir. Beləliklə, Vaqifin çörəksiz qaldığı birinci günü tamamlanır. Biz çəkiliş zamanı onun hərəkətlərini izlədikcə təəccüb edirdik. Bir çox mizanları özü tapır, təsirli şəkildə icra edirdi. Vaqif Şamil müəllimin kinoda kəşfi idi.
Onu birinci dəfə “Torpaq. Dəniz. Od. Səma” (1967) filmində Kamil rolunda çəkmişdi. Uğurlu oyununa görə də onu filmə məmnuniyyətlə qəbul etdilər. Bu filmdən sonra Şamil müəllim “Skripkanın sərgüzəşti” (1972) filmini çəkəndə də Kamranı baş rola (Sabir) çəkdi.
Amin Novruzov qeyd edir ki, bütün çəkiliş boyu yaradıcı heyət çox böyük həvəslə işləyirdi: “Filmin başlanğıcında alman əsirlərinin Bakı küçələri ilə aparılmasını Füzuli meydanında çəkdik. Çəkilişlərdə N saylı hərbi hissənin əsgərləri iştirak edirdi. Panoram və müxtəlif rakurslu çəkilişlərin qüsursuz alınması üçün quruluşçu operator Teyyub Axundovla kran çəkilişlərindən istifadə etdik. Filmin çəkilişləri Bakının müxtəlif küçələrində, Dağüstü parkda, Füzuli meydanında, İçərişəhərdə, “Böyük qala” küçəsində, kinostudiyanın pavilyonlarında lentə alınıb. Məhəmmədin yerləşdiyi xəstəxananı çəkmək üçün indiki Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun (keçmiş Kirov adına xəstəxana) binasını çəkdik. Vaqifin babası ilə məsciddə söhbət etdiyi kadrlar isə Cümə məscidində lentə alınıb. Filmin çox hissəsi natura çəkilişləridir. Dekorasiya çəkilişlərinin təbii və inandırıcı alınması üçün Teyyub müəllim işıq-kölgə effektindən bacarıqla istifadə edib. Bu effekti biz Vaqifin evlərində tək qaldığı, musiqi dinlədiyi zaman da görürük. Beləliklə də, ağ-qara filmin təsir gücünü, koloritini hiss edirik”.
Xalq artisti, filmdə ikinci rejissor kimi çalışmış Xamis Muradov film haqqında xatirələrini bölüşərkən qeyd etdi ki, həmin illərdə aktyor uşaqları filmə ikinci rejissor təqdim edirdi: “Uşaqları tapmaq o qədər də asan olmadı. Xoşbəxtlikdən filmin hazırlıq dövrü Yeni il ərəfəsinə təsadüf edirdi. Şamil müəllimlə razılaşdıq ki, uşaqları Yeni il şənliklərindən seçək. Çünki məktəblərə gedib uşaqları dəvət etsəydik onların xarakterik cəhətlərini bilə bilməyəcəkdik. Fotoqrafla birlikdə şənliklərə yollandıq. Ümumilikdə 1000-dən çox uşağın şəklini çəkdik. Kamran çox istedadlı və ünsiyyətcil oğlan idi. Ziyalı ailədə doğulmuşdu. Atası mühəndis, anası göz həkimi idi. Filmə çəkiləndə 11 yaşı olardı. Onunla dostlaşmışdıq. Bu filmdən əvvəl biz onunla “Torpaq. Dəniz. Od. Səma” filmində də birgə çalışmışdıq. Mən həmin filmdə rejissor assistenti kimi işləmişdim. Münasibətlərimiz çox yaxşı idi. Bir dəfə Vaqifin çörək kartını itirdiyi səhnəni çəkəndə onun ağlaması alınmır. Mən digər çəkiliş obyektini seçməyə getdiyimə görə orda deyildim. Şamil müəllim Kamrana deyir ki, Xamis əmi qəzaya düşüb. Vaqif bu xəbərdən sarsılıb ağlayır. Bundan sonra filmdə çörək dükanının qarşısında onun ağladığı kadrlar inandırıcı şəkildə lentlərə köçür. Bir neçə saatdan sonra mən həmin çəkiliş meydançasına gedəndə Kamran üstümə yüyürüb ağladı. Sonra iki gün çəkilişə gəlmədi. Onu aldatdıqlarına görə küsmüşdü. Ancaq təbii ki, sonradan yenə də çəkilişlərini sevərək davam etdirdi.
Bazar səhnəsini çəkmək üçün birhəftəlik Nalçikə ezam olunduq. Gecə saat 3-də yaradıcı heyəti oyadıb dedim ki, aparatları hazırlayın bazar səhnəsini çəkməyə gedirik. Bir neçə nəfər buna etiraz etsə də, Şamil müəllim fikrimi bəyəndi. Qrup üzvləri ilə birlikdə rekvizit və aparatları götürüb gəldik bazara. Gördük ki, artıq yerlər tutulmaq üzrədir. Ora tezdən getməkdə yanılmamışdım. Biz kameranı yerləşdirdikdən sonra artıq bütün yerlər tutulmuşdu. Aparatları quraşdırıb üstünü örtdük və beləcə kimsəyə mane olmadan rahat şəkildə filmdə 160 metrlik lazım olan hissənin 120 metrini çəkdik.
Kiçik epizodlardan əsasən ümumi planları kinostudiyanın pavilyonlarında lentə aldıq. Filmi 10 aya çəkib təhvil verdik və birinci kateqoriyalı film kimi qəbul edildi. Ümumittifaq məkanında çox böyük sevgi və rəğbətlə qarşılandı”.
Beləliklə, texniki və yaradıcı heyətin mövzuya diqqətlə yanaşması ekran əsərinin inandırıcı, baxımlı alınmasında mühüm rol oynayıb. Yeniyetmə Vaqifin nəcib, dəyərli, müsbət şəxsi keyfiyyətlərini xarakterizə edən filmdə insanın mühitə və mühitin insana olan təsirini görürük. Ekran əsərində bütün diqqət onun üzərində cəmlənib. Ssenari müəllifi Alla Axundova obrazın təfsirində yüksək mənəvi xarakteri əks etdirən dəyərli fərdi cizgilər yaradıb, tipik keyfiyyətlərə malik xarakter formalaşdırıb.
Daxili nöqsanları ilə mübarizə aparanları mənəvi saflaşma prosesi keçənlər adlandırırlar. Vaqif özünəməxsus fərdi xarakterə məxsusdur. Onun nümunəvi davranışı, hadisələrə münasibəti və ətrafdakıların ona olan münasibəti, ictimai siması hadisələrin ardıcıllığında müəyyənləşir. Vaqifin dolğun xarakterinin daxili dialektikası, təmkinli davranışı hadisələrin mahiyyətini sərbəst şəkildə təhlil edir.
Filmlərin uğurunu bitkin insan xarakterləri müəyyən edir. A.Axundova və Ş.Mahmudbəyov mürəkkəb, ziddiyyətli həyata dəqiq nəzər saldıqlarına, dövrün faciəsini dərindən duyduqlarına, uşaqların mənəvi dünyalarına yaxşı bələd olduqlarına görədir ki, “Şərikli çörək”də maraqlı personajlar ərsəyə gətiriblər.
Filmin bir çox incə nüansları ssenarist və rejissorun həyata baxışını, dərin müşahidəsini və mesajını tamaşaçıya diktə edir. Müəlliflərin həyatda daim görmək istədikləri nümunəvi şəxsiyyət prototipi olan Vaqif çörək kartını oyun meydançasında yox, məhz oxuduğu və sevdiyi kitabın arasında unudur. Vaqif aralarında yaş və böyük fikir ayrılıqları olan qonşusuna (Gena) kitab oxumağı məsləhət görür. Bununla onun eyni zamanda yaşıdlarının da nümunəvi olmalarına yardımçı olma məqsədini görürük. Vaqifin çörəksiz və baxımsız qaldığı çətin məqamında qürurunu qoruyan intellektidir. İntellektini və saflığını mühafizə edən isə mənəvi dünyasının (kitab, musiqi, incəsənət) zənginliyidir. Filmdə bir neçə kadrda musiqiyə keçid verən böyük planda radio qurğusunu görürük və koloritli musiqi sədalarını eşidirik. Doğru məqamda təqdim olunan ürəyəyatımlı xalq mahnısı və zövqlü klassik əsərlər sivil həyat amili kimi təqdim olunur. Bu mənada boz və yaralı dünyanın xilaskarı və mənəvi yüksəlişin təkamülü kimi elmlə incəsənət sintez edilir, həyatın vacib prosesi kimi göstərilir.
Film bütün dövrlər üçün aktualdır, hikməti böyük və ibrətamizdir. 1970-ci ildə “Şərikli çörək” filminə görə A.Axundovaya və Ş.Mahmudbəyova respublika Dövlət mükafatı verilib.
Şamil Mahmudbəyov iki filmində (“Şərikli çörək” və “Skripkanın sərgüzəşti”) müharibə uşaqlarının ağır həyat şəraitini ekranlaşdırıb. Bu isə şəxsən ön cəbhədə düşmən amansızlığı ilə rastlaşan rejissorun müharibəyə olan nifrətinin göstəricisidir. İkinci Dünya müharibəsinin son günlərində cərəyan edən vacib faktları ümumiləşdirilmiş şəkildə əks etdirən film sülhə çağırışla yanaşı idrakı dərinləşdirir, mühüm mesajlar verir. Hadisələri obrazlı və ifadəli şəkildə müşayiət edən musiqi (bəstəkar Vasif Adıgözəlov) filmin emosional təsir gücünü və daxili dinamikasını artırır. Bütövlükdə yaradıcı heyət kino estetikası çərçivəsində həyatın dərin qatlarına nüfuz edərək vacib və dəyərli nüansları tamaşaçıya çatdırmağa müvəffəq olub. “Şərikli çörək” filminin əsas məqsədi, məramı da uşaq dünyasının məsumluğunu, gözəlliyini, sabitliyini qorumaq üçün insanları ayıq-sayıq olmağa səsləməkdir.
Şəhla ƏMİRLİ,
kinoşünas