Tarix elmləri doktoru, professor Vidadi Muradovun yeni kitabı barədə düşüncələr

Azərbaycan qədim mədəniyyət diyarıdır. Bu qədimliyi, mədəniyyəti isə xalqın özü min illər boyunca yaratmışdır. Qalalar, məbədlər, miniatürlər, dərin sakral-fəlsəfi düşüncələrdən qaynaqlanan muğam sənəti, xoş ovqatlı xalq deyimlərini yaşadan meydan tamaşaları, aşıq sənəti və buna bənzər daha nələr həm qədim tariximizin, həm də mədəniyyətimizin genetik koduna, yaddaş saxlancına çevrilmişdir. Və əlbəttə ki, bu siyahıya xalça sənətini əlavə etməmək olmaz.

Xalqın yaddaşını öz naxışlarında yaşadan, onun milli ruhunu özündə əks etdirən xalça sənəti mədəni dəyərlərimizin ən parlaq inciləri sırasında əbədi qərarlaşıb. Bu sənətin yaşadılması, inkişaf etdirilməsi təkcə mənəviyyatımızın, milli dəyərlərimizin qorunub saxlanılması demək deyil. Bu həm də ölkədə məşğulluğun artması, bu sahədə ixrac potensialının genişlənməsi deməkdir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev 28 fevral 2018-ci ildə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiqinə dair mühüm sərəncam imzalamışdır.

Tarix elmləri doktoru, professor Vidadi Muradovun yeni işıq üzü görmüş “Lənkəran-Astara bölgəsi: tarixi və xalçaçılığı” adlı fundamental əsəri bu inciləri ətraflı surətdə əks etdirməklə Azərbaycan elminə daha bir töhfə vermişdir. Zəngin elmi tutumu, sanballı həcmi, rəngarəng fotoları ilə diqqəti cəlb edən kitabda cənub bölgəsində formalaşmış xalçaçılıq ənənələri tarixi-etnoqrafik səpkidə tədqiqata cəlb edilib.

Kitab AMEA Rəyasət Heyətinin qərarına əsasən “Elm” nəşriyyatında nəfis şəkildə çap edilib. Elmi redaktoru və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylidir.

Xeyli əhatəli olan ön söz “Azərbaycanın naxışlı xəritəsi – xalça” adlanır. Bu, həqiqətən də belədir. Xalçalar Azərbaycan torpağının naxışlarda şifrələnmiş, sabitləşmiş, rəmzi mahiyyət, işarə-simvol əlamətləri kəsb etmiş xəritəsidir desək, heç də səhv etmərik. Xalçalar genetik yaddaşımızın bir növ yol xəritəsinə çevrilmiş, öz əlvan ilmələri ilə xalqın ruhunu oxşamış, onun zövqünün formalaşmasına, milli məişətin, dünyagörüşünün estetik cizgilər qazanmasına yardım etmiş, eyni zamanda məşğuliyyətinin genişlənməsinə, güzəranının yaxşılaşmasına müsbət təsir göstərmişdir. Bütün bu həqiqətlərə diqqət yetirən akademik İsa Həbibbəyli yazır: “Özünün əməli əhəmiyyəti və bədii dəyərini qoruyub saxlayan xalçaçılığa Azərbaycanda tarixən xüsusi bir münasibət bəslənilmişdir. Ömrünü xalça toxumağa həsr edən azərbaycanlı qadınlar öz arzu və xəyallarını ilmələr və naxışlar vasitəsilə ifadə edərək yüksək bədii dəyərə malik sənət əsərləri yaratmışlar. Ailə büdcəsinin formalaşmasında da xalçaçılıq mühüm rol oynamışdır”.

Bu irihəcmli, fundamental nəşr bölgənin siyasi və sosial-iqtisadi tarixi, rayonlar, xalça və xalça məmulatları, xalçaçılıq məntəqələri bölmələrindən ibarətdir. Əgər Vidadi Muradovun bu seriyadan olan digər kitablarına nəzər salsaq, oxşar quruluşla, bölmələrlə rastlaşarıq. Müəllif bu kitabları bir-biri ilə əlaqələndirmiş, tədqiqatın strukturunu ümumi platforma üzərində qurmaqla təsnifat vahidliyinə nail olmuşdur. Azərbaycan bölgələrinin xalça sənətinin ümumi mənzərəsini yaratmaq üçün bu, şübhəsiz ki, vacibdir.

Tədqiqat əsərinin bütün hissələrində tarixi-etnoqrafik xarakterli məlumatlara təsadüf edilir. Lakin zənnimcə, belə məlumatlar kitabın birinci bölməsində daha çoxdur. “Lənkəran-Astara bölgəsinin siyasi və sosial-iqtisadi tarixindən (XVIII-XX əsrin əvvəlləri)” adlı bölmədə bölgənin tarixinin əhatəli mənzərəsi təqdim olunmuşdur ki, bu da xalça sənətinin inkişafına təsir göstərən prosesləri ardıcıllıqla izləməyə imkan verir.

Kitabın əsas hissəsini rayonlar (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı) üzrə olan məlumatlar təşkil edir. Hər rayon haqqında olan məlumatlar özlüyündə bir bölmədir. Əgər kitabın ilk bölməsində bölgənin ümumi tarixi məlumatları əks olunursa, rayonlar üzrə verilmiş bölmələrdə yeni tarix, eləcə də müasir dövr öz əksini tapmışdır. Müəllif tarix və müasirlik qarşılığını əks etdirməklə bölgə barədə oxucuda tam təsəvvür yarada bilir. Hər bir rayon haqqında ətraflı məlumat verən müəllif onun bu gününü də kifayət qədər işıqlandırmış, ayrı-ayrı kəndlərin həyatından, əhalinin məşğuliyyətindən bəhs etmişdir. Misal üçün, Lənkəran rayonunun Şağlaser kəndindən, bu kənddə geniş yayılmış həsir toxumaq ənənəsindən, həsirin faydasından danışan müəllif yazır: “Həsirlər subtropik, rütubətli iqlimə malik bölgə evlərində torpaq döşəməyə sərilərək, müxtəlif xəstəliklər törədən rütubətin qarşısını alırdı”. Bu fikri davam etdirən müəllif daha sonra göstərir: “Naxışlı və ya saya toxunan həsirləri evin divarlarından asır, yük arabalarında (araba həsiri), taxılın qorunmasında (xırman həsiri), dini ibadətlərin icrasında (namazlıq həsir), yemək süfrəsində (süfrə-həsir) və s. məqsədlər üçün istifadə edirdilər”. Göründüyü kimi, həsirlər bir sıra hallarda xalça funksiyası daşımışlar. Həsirdən toxunmuş məmulatlar vəziyyətdən asılı olaraq hətta namazlıq xalçaları əvəz etmişlər ki, bu da özlüyündə çox maraqlı bir faktdır.

Diqqəti cəlb edən başqa bir məqamsa kitabda toxucuların adlarının və fotolarının verilməsidir. Burada iki mühüm məqam özünü büruzə verir; əvvəla, müəllif işə son dərəcə ciddi yanaşmış, xalça sənətini, onun bədii xüsusiyyətlərini, ən kiçik təfərrüatları belə nəzərdən qaçırmamışdır. İkincisi, eyni prinsip müəllifin digər kitablarında, misal üçün, onun akademik İsa Həbibbəyli ilə həmmüəlliflikdə qələmə aldığı “Naxçıvan xalçaçılığı; ənənə və müasirlik” kitabında özünü büruzə verir. Silsilə halında olan kitabların quruluş və metodoloji ümumiliyi müəllifin işə hərtərəfli yanaşmaq, xalça sənətini və mühitini tam əks etdirmək istəyindən xəbər verir. Maraqlıdır ki, müəllif hər bir rayon üzrə toxucuları ayrıca təqdim etmişdir. Bu isə onların əməyinə verilən qiymətin bariz göstəricisi, həmçinin alim diqqətinin nişanəsidir.

Kitabın “Xalça və xalça məmulatları” bölməsində müəllif əsas diqqəti xalçaların bədii xüsusiyyətlərinə, məhəlli xalça məktəblərinin özünəməxsus cizgilərinə, həmçinin adı xalça sənəti ilə qoşa çəkilən xurcun, məfrəş və s. bu kimi toxuculuq məmulatlarına yönəltmişdir. Müəllif hər rayona aid çoxlu sayda xalça nümunəsinin fotoşəkillərini kitaba daxil etmiş, bu xalçalara aid məlumatları qeyd etmişdir. Buraya xalçanın toxunduğu məkan, tarixi, növü, ölçüləri və s. daxildir.

Kitabın “Xalçaçılıq məntəqələri” adlı sxematik xəritəni əks etdirən son bölümü də maraq doğurur. Qeyd etdiyimiz kimi, ön sözdə akademik İsa Həbibbəyli xalçanı Azərbaycanın naxışlı xəritəsi adlandırıb. Kitabın sonunda yer alan xalçaçılıq məntəqələrinin sxemi bu fikri sanki vizual formada ifadə edir. Əgər xalça Azərbaycanın xəritəsidirsə, Vidadi müəllim bu “xəritə”nin ərsəyə gəldiyi məntəqələri araşdıraraq, obrazlı desək, sapa düzmüş, onları vizual baxışın rahatlaşması üçün sxemləşdirmişdir. Bu, alim diqqətinin, alim zəhmətinin həqiqi mücəssəməsidir. Bununla bağlı daha iki məqama diqqət yetirmək istərdim. Birincisi, tədqiqatçının bu yöndən olan digər kitablarında da belə sxemlər vardır və bu cəhət ümumi metodoloji təsnifat prinsipinə əsaslanır. İkincisi, əsasən dəqiq elmlərə xas olan sxem tipli quruluşların humanitar sahədə tətbiq olunması dövrün tələbidir və elmlərin multidissiplinar mahiyyət kəsb etməsinə təkan verir. Burada istər-istəməz “fizika və lirika” qarşılığı yada düşür ki, bu da müasir Azərbaycan elmində aktuallığı ilə seçilən mövzulardan biridir.

Professor Vidadi Muradovun “Lənkəran-Astara bölgəsi: tarixi və xalçaçılığı” kitabı Azərbaycan xalça sənətinin, milli tarixin və xalq məişətinin daha dərindən öyrənilməsində qiymətli mənbədir. Həqiqi alim əməyi, həqiqi alim yanaşması onun hər bir səhifəsində özünü büruzə verməkdədir. Əlbəttə, alim üçün yazdıqlarının ünvanına yetişməsi, elmi ictimaiyyət tərəfindən qəbul olunması, xalqın rəğbətini qazanması mühüm şərtdir. Fərəhli haldır ki, Tanrı müəllifdən bu lütfü əskik etməyib. Kitabı təqdir edir və müəllifdən yeni dəyərli nəşrlər gözləyirik.

Ərtegin SALAMZADƏ,
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, müxbir üzv, professor