Azərbaycan
26 aprel 1908 – Görkəmli yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanlarının, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir.
26 aprel 1947 – Kinorejissor Gülbəniz Yusif qızı Əzimzadə (1947 – 7.12.2006) Bakıda anadan olub. Filmləri: “Dantenin yubileyi”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Qətl günü” və s.
27 aprel 1940 – Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.
27 aprel 1951 – Kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 – 5.10.2002) anadan olub.
28 aprel 1914 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 – 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.
28 aprel 1916 – Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 – 9.2.1970) anadan olub.
28 aprel 1917 – Xalq artisti Məhluqə Sadıqova (1917 – 15.8.2003) anadan olub. Milli Dram Teatrında çalışıb, radioda “Bulaq” verilişinin aparıcısı olub. “Yenilməz batalyon”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
28 aprel 1920 – Tarzən, Xalq artisti Hacı Məmmədov (1920 – 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.
28 aprel 1920 – Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 – 28.1.1987) anadan olub.
28 aprel 1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev (1925-1994) Lerik rayonunun Gürdəsər kəndində anadan olub.
29 aprel 1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.
29 aprel 1919 – Kinorejissor, SSRİ Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 – 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, “Mosfilm”də işləyib. “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) və s. filmlərə quruluş verib.
30 aprel 1880 – Xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə (1880 - 16.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunmağa başlayan rəssam Azərbaycanda karikatura janrının banilərindən sayılır.
Dünya
26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.
26 aprel 1798 – Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix; 1798-1863) anadan olub. “Barrikadada azadlıq”, “Xiosda qətliam” və s. tarixi tabloların müəllifidir.
26 aprel 1886 – Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886-1913) anadan olub.
27 aprel 1878 – Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə; 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.
28 aprel 1848 – Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte; 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.
29 aprel Beynəlxalq Rəqs Günüdür (İnternational Dance Day). 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən fransız baletmeysteri, müasir baletin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre; 29.4.1727 – 1810) xatirəsinə ehtiram olaraq təsis edilib.
29 aprel 1842 – Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker; 1842-1899) anadan olub. Əsərləri: “Kasıb tələbə”, “Üç cüt ayaqqabı”, “Qrafinya Dübarri”.
29 aprel 1907 – Amerika rejissoru, 4 dəfə “Oskar” mükafatçısı Fred Sinneman (Fred Zinnemann; 1907-1997) anadan olub.
30 aprel 1870 – Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub.
30 aprel 1883 – Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub.
Hazırladı: Vüqar ORXAN