Hər dəfə bu festivalda Bakıya ən yaxşı ifaçıları gətirmək istəyirik. Bu dəfə sizin gözəl şəhərinizə pianoçu Yefim Bronfmanı, Lozanna kamera orkestrini gətirdik. Münxen orkestri də ilk dəfə Bakıya gəlir. Hər dəfə yeni ifaçılar gələndə onlar Bakını kəşf edirlər. Mən özüm də Bakını çox sevirəm. Buna görə də istəyirəm ki, başqaları da bu gözəl şəhəri sevsin.
Bu fikirləri Mstislav Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviç deyib.
X Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində reallaşan konsertləri yüksək qiymətləndirən Olqa Rostropoviç bildirib ki, bunlar nəinki Rusiya ilə, eyni zamanda bütün dünya ilə mədəni dialoqu gücləndirir.
Olqa Rostropoviç atasının ulu öndər Heydər Əliyevlə dostluğundan da bəhs edib. Bildirib ki, ailələri Heydər Əliyevə çox səmimi və isti münasibət göstərib.
Özünün musiqi ifaçılığından da söz açan Olqa Rostropoviç deyib ki, əvvəllər violonçeldə ifa edirdim: “Bu alətdə çalmağı mənə atam öyrətmişdi. Mən orkestrdə ifa edirdim, atam isə dirijorluq edirdi. Ancaq mən bu aləti nədənsə atmalı oldum. Atam da buna görə mənimlə üç il küsülü qaldı”.