Mərakeşin Laraş şəhərinin yaxınlığında yerləşən Liksus arxeoloji kompleksində bərpa işləri başa çatdırılıb və kompleks geniş tamaşaçı kütləsi üçün yenidən açılıb. Əsatirlərə görə, Herakl öz igidliklərindən birini eramızın birinci əsrinin əvvəlində balıqçı limanı olmuş bu ərazidə göstərib.
Lukos çayının mənsəbində, Laraş şəhəri ilə üzbəüz təpəlikdə yerləşən Liksus uzun illər baxımsız vəziyyətdə qalıb, lakin sonradan burada turist marşrutu yaradılıb.
Roma imperiyasının çiçəkləndiyi dövrdə, Şimali Afrika sahillərindəki məşhur Karfagen şəhər-dövlətinin hələ yer üzündən silinmədiyi vaxtlarda qədim karfagenlilər müasir Tanjer şəhərindən 100 kilometr cənub-qərbdə Liksus, yəni “Əbədi şəhər” adlı şəhər-liman salıblar.
Qədim Finikiya liman-qalasının xarabalıqları üzərində salınmış Liksusda eramızın birinci əsrinə aid edilən, bir neçə yüz tamaşaçı tutumu olan amfiteatrın xarabalıqları da qalıb. Teatrın arxa tərəfindəki antik hamam divarlarındakı cəlbedici mozaikalar isə nisbətən yaxşı vəziyyətdədir.
SƏBİNƏ