Aprelin 26-da Bakıda dünyanın ən populyar və geniş auditoriyaya malik idman tədbiri – Formula 1 yarışmasının Azərbaycan Qran prisi başlanır. Üç gün davam edəcək yarışma bu dəfə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş sponsorluğu ilə keçirilir və rəsmi olaraq “Formula 1 SOCAR Azərbaycan Qran prisi” adlanır.
Qeyd edək ki, Azərbaycan paytaxtı Formula 1 yarışmasına artıq dördüncü dəfə (2016-cı ildən başlayaraq) ev sahibliyi edir və bu mühüm tədbir təkcə avtomobil yarışı azarkeşləri üçün deyil, dünya estradasının ulduzlarını canlı dinləmək istəyən musiqi həvəskarları üçün də mühüm fürsətdir. Təşkilatçılar bu dəfə də məşhur müğənniləri Azərbaycan Qran prisinə dəvət ediblər.
Aprelin 27-də britaniyalı müğənni Cessi Cey “Baku Crystal Hall”da çıxış edəcək.
Müğənninin “Who You Are” albomu ona “BRITS Critics’ Choice” mükafatını qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il sonra öz etiraflarını bölüşdüyü “R.O.S.E” albomunu çıxarıb. Musiqiçinin Don Diablo ilə ifa etdiyi “Brave” adlı ən son sinql isə aprelin 26-da buraxılacaq.
Qeyd edək ki, daha öncə 27 aprel konsertində britaniyalı müğənni Sem Smitin çıxış edəcəyi nəzərdə tutulmuşdu. Lakin Cənubi Afrika turu zamanı müğənninin səhhətində problem yaranıb və həkimlər konsert proqramlarının ləğvini məqbul hesab ediblər. Odur ki, Bakıya onun həmyerlisi Cessi Ceyi dəvət etmək qərara alınıb.
Dünya musiqisində özünəməxsus ifası ilə seçilən amerikalı reper və hip-hop müğənnisi Kardi B isə aprelin 28-də Formula 1 Azərbaycan Qran prisi başa çatdıqdan sonra axşam saatlarında “Baku Crystal Hall” səhnəsinə çıxacaq.
2017-ci ildə “BET” mükafatlarının namizədləri arasında “Ən yaxşı yeni ifaçı” və “Ən yaxşı qadın hip-hop ifaçısı” kateqoriyaları üzrə yer alan Kardi B digər məşhur ifaçılarla birgə buraxdığı “No limit” və “MotorSport” mahnıları ilə “Hot 100” hit-paradı və “Hot R&B/Hip-Hop Songs” siyahısında ilk 10-luğa daxil olub.
Formula 1 SOCAR Azərbaycan Qran prisinin bütün bilet sahibləri “Baku Crystal Hall”da dünya ulduzlarının iştirakı ilə keçiriləcək axşam konsertlərini pulsuz izləyə biləcəklər.
Formula 1 Azərbaycan Qran-prisi üçün Azərbaycan da daxil olmaqla, ümumilikdə 67 ölkədən bilet alınıb. Bu barədə isə gənclər və idman naziri Azad Rəhimov aprelin 24-də jurnalistlərlə görüşdə məlumat verib. Nazir bildirib ki, satılan biletlərin 39 faizi Azərbaycandan, qalan hissəsi isə xaricdən alınıb. Xaricdən ən çox bilet Rusiya və Böyük Britaniyadan alınıb. Sonrakı sıralarda Avstriya, Gürcüstan və Niderland yer alır. İlk onluqda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və ABŞ-dan Formula 1 azarkeşləri də var. Ümumilikdə xaricdən biletlərin 63 faizə yaxını 10 ölkədən alınıb.
2016-cı ildə keçirilən ilk yarışda 5 min, ondan sonrakı yarışlarda isə 3 min könüllü təşkilatçılıq işində iştirak edib. Bu il də prosesə 3 min könüllü qoşulub. Onların arasında 30-a yaxın ölkədən də könüllülər var.
Nazir onu da diqqətə çatdırıb ki, Formula 1 dünya çempionatı il ərzində 21 mərhələdən ibarətdir. MDB ölkələri arasında yalnız Azərbaycan və Rusiya Formula 1 yarışlarına ev sahibliyi edir.