İbrahim Səfinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans
Aprelin 30-da Azərbaycanda Atatürk Mərkəzində görkəmli fırça ustası İbrahim Səfinin (1898-1983) yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfrans Naxçıvan Muxtar respublikasının Rəssamlar Birliyi ilə birgə təşkil edilib.
Əvvəlcə qonaqlar İbrahim Səfinin əsərlərindən ibarət sərgiyə baxıblar.
Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək deyib ki, İbrahim Səfi türk dünyasının unudulmaz rəssamlarından biridir. Yaradıcılığının böyük hissəsi Türkiyə ilə bağlı olan rəssam sovetlər dönəmində bir o qədər tanınmasa da, Türkiyədə ən böyük sənətkarlardan olub. O, ilk dəfə olaraq Atatürkün canlı olaraq portretini çəkib. Atatürkün dünyanın tanınmış rəssamları tərəfindən çəkilmiş çoxlu şəkilləri var, ancaq İbrahim Səfinin çəkdiyi əsər bizim üçün doğmadır.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssam haqqında məlumat verərək qeyd edib ki, İbrahim Səfi 1898-ci ildə Şərur rayonunun Cəlilkənd kəndində anadan olub. Onun mənsub olduğu Səfibəyovlar nəsli Naxçıvan Kəngərlilərinin bir qoludur: “Türkiyədə şöhrət qazanmış İbrahim Səfi ilə Azərbaycan realist rəssamlıq məktəbinin əsasını qoymuş Bəhruz Kəngərli arasında genetik bağlılıq var. Onun bəzi əsərlərində Bəhruz Kəngərli yaradıcılığına bənzəyən yanaşmalar hiss edilir. İbrahim Səfi Qərb rəssamlıq məktəbində impressionistlərin türk əsilli ən görkəmli nümayəndələrindəndir. Biz bu tədbiri keçirməklə həm rəssamı xalqa tanıtmaq missiyasını yerinə yetiririk, həm də Türkiyə-Azərbaycan əlaqələrinə yeni bir səhifə əlavə etmiş oluruq. Düşünürəm ki, İbrahim Səfi yaradıcılığının tədqiq edilib, öyrənilməsinin də əsası bu gün qoyulur”.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, İbrahim Səfi irsinin tədqiqatçısı Ülviyyə Həmzəyevanın “Görkəmli rəssam İbrahim Səfinin həyat və yaradıcılığı” adlı məruzəsi dinlənilib.
Sonra Ülviyyə Həmzəyeva İbrahim Səfinin çəkdiyi “Atatürk” portretini mərkəzin rəhbəri Nizami Cəfərova təqdim edib.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xalq rəssamı Ağaəli İbrahimov və digər çıxış edənlər İbrahim Səfinin yaradıcılığının daha dərindən öyrənilməsinin vacibliyindən söz açıblar.