Təmsilçilərimiz beynəlxalq festival-müsabiqədə birincilik qazanıb
25-30 aprel tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer ümumi evimizdir” adlı XVII Beynəlxalq Uşaq və Gənclərin Musiqi Yaradıcılığı Festivalı keçirilib.
1982-ci ildən keçirilən festivalın əsas məqsədi musiqinin müxtəlif janrlarında yaradıcılıq müsabiqəsinin həyata keçirilməsi, çoxtərəfli mədəni əlaqələrin gücləndirilməsi, hər bir ölkənin öz milli mədəniyyətini tanıtması, gənclər hərəkatına dəstək verilməsidir.
Builki festivala 10 ölkədən (Azərbaycan, Rusiya, Çexiya, Tunis, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Çin, Hindistan) 28 musiqi kollektivi qatılıb. Ölkəmizi tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Alov” folklor ansamblı təmsil edib. Festival çərçivəsində xoreoqrafiya, xor ifaçılığı, instrumental musiqi və folklor sənəti nominasiyaları üzrə müsabiqə keçirilib.
Müsabiqənin nəticələrinə əsasən, “Alov” folklor ansamblı folklor sənəti nominasiyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə birinci yerə layiq görülüb, kollektivə diplom və kubok təqdim edilib. Təşkilat komitəsinin dəvəti ilə Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov münsiflər heyətinin üzvü kimi kollektivlərin qiymətləndirilməsində iştirak edib.
Festival Yekaterinburqun Estrada teatrında qaliblərin mükafatlandırılması və qala-konsertlə başa çatıb.