Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-prisinin əsas avtomobil yarışı azarkeşlərinə həyəcan dolu anlar yaşatmaqla yanaşı, açılış mərasimində Azərbaycanın Dövlət himninin möhtəşəm səslənişi ilə də yadda qalıb.

Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirilib. Himni əməkdar artistlər Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə, müvafiq olaraq, muğam və klassik üslublarda ifa ediblər. Onları əməkdar artistlər – tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət ediblər. İfaçılar milli və klassik üslublara aid geyimlərdə meydana çıxıblar.

Formula 1 Azərbaycan Qran-prisinin qalibi isə “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas olub. O, 51 dövrəni 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub. Onun komanda yoldaşı Luis Hamilton ikinci, “Ferrari” komandasının sürücüsü Sebastian Fettel üçüncü olub.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda artıq dördüncü dəfədir gerçəkləşib. 2016-cı ildə keçirilən birinci yarışda “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq, 2017-ci ildə “Red Bull Racing” komandasından avstraliyalı Daniel Rikkardo, ötənilki Qran-pridə isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanmışdı.