Nizami Gəncəvinin “Yeddi gözəl”indən seçmələr slovak dilində

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin tərcümə olunduğu dünya dillərinin sırasına daha biri əlavə edilib. İndiyədək Nizaminin “Xəmsə”sinin bədii gözəlliklərini çex oxucularına çatdıran çoxlu tərcümələr olsa da, slovak dilində şairin əsərləri geniş həcmdə oxuculara təqdim edilməmişdi.

Bratislavada Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümədə nəşr edilib. Yuray Şramkonun nəfis tərtibatında Slovakiyanın “İkar” nəşr evi tərəfindən buraxılmış kitaba şairin əsərlərinə Orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan miniatürlər də daxil edilib. Nəşrin təşəbbüskarı və icraçıları Slovakiyanın Danubius Universiteti, Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Nizaminin əbədiyaşar poeziyasını slovak dilinə Lubomir Feldek tərcümə edib.

“Çesta laski” – “Sevgi yolu” adı altında işıq üzü görən kitab, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun yazdığı “Nizami Gəncəvinin yeni dönüşü” adlı müqəddimə ilə başlanır. Ön sözdə deyilir ki, bəşəriyyətin müstəsna övladlarından olan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bütün əsərlərini keçmiş haqqında yazsa da, daim gələcəyə baxıb, gələcək nəsillər üçün yaradıb. O özünün də, sözünün də uzun zamanlar boyu yaşayacağına inanır, ona görə də belə yazırdı:

Yüz il sonra sorsan bəs o hardadır,
Hər beyti söyləyər: “Burda, burdadır!”.

Nizami Gəncəvi slovak dilində danışmağa başlayan “Yeddi gözəl”i ilə bir daha nümayiş etdirir ki, o, lap çoxdan dünya vətəndaşıdır, dünya şairidir. Rafael Hüseynov bu qəbil tərcümə və nəşrlərin xüsusi əhəmiyyətini vurğulayır və dahi şairin digər məsnəvilərinin də slovak dilinə çevrilməsi istiqamətində səylərin davam etdirilməsini arzulayaraq bildirir ki, yəqin Nizami sözünün hikmətini hiss edən slovaklar ustad şairin duyğu və düşüncə xəzinəsinin digər inciləri ilə tanış olmaq istəyəcəklər.

Akademik Rafael Hüseynov Nizami Gəncəvinin “Mən bunu söylədim, getdim, hekayət qaldı” misrasını iqtibas gətirərək ön sözünü belə yekunlaşdırır: “Onun yaratdığı hekayətlər sadəcə bir abidə kimi qalmayıb, həm də yaşayır, nəfəs alır, ürəyi döyünür, yeni-yeni pərəstişkarlar qazanır və yaşadıqca da onları söyləyib getmiş Nizamini geri qaytarır, yeni zamanlar içində yaşadır. Bu əbədi missiyanı yerinə yetirmək üçün Nizami hekayətləri indi Slovakiyaya gəlib, Nizamini burada da yaşatmaq və sevdirmək üçün gəlib!”

Nizami Gəncəvinin slovak dilində nəşr edilmiş kitabının Bratislavada təqdimatının keçirilməsi nəzərdə tutulur.