Azərbaycan

1 may 1901 – Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-1976) anadan olub.

1 may 1910 – Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910-1992) Şuşada doğulub. Operalarda Leyli (“Leyli və Məcnun”, “Aşıq Qərib” və s.) əsas partiyalarda çıxış edib.

1 may 1934 – Yazıçı, dramaturq İsi Abbas oğlu Məlikzadə (1934 – 12.5. 1995) Ağcabədi rayonunda anadan olub. Əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi”, “Küçələrə su səpmişəm”), teletamaşa (“Qatarda”) çəkilib.

1 may 1936 – Tanınmış dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1936 -27.11.2015) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub.

1 may 1947 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Tofiq oğlu Əliyev; 1947 – 14.6.2017) Şuşada anadan olub. Simfonik, instrumental və kamera əsərləri, filmlərə (“Yalan”, “Fəryad” və s.) musiqi yazıb.

1 may 1950 – Yazıçı, dramaturq Məmməd Səid Ordubadi (24.3.1872 – 1950) vəfat edib. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər”, “Gizli Bakı” romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.

 

2 may 1920 – Əməkdar artist Ətayə Qulam qızı Əliyeva (1920- 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, Akademik Dram Teatrında çıxış edib. Filmləri: “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “Uşaqlığın son gecəsi” və s.

2 may 1927 – Azərbaycanın ilk peşəkar hərbi dirijoru, sənətşünaslıq namizədi Niyazi Əhməd oğlu Kərimov (1927-2003) Qəbələ şəhərində anadan olub.

2 may 1929 – Dilçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929-2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.

2 may 1939 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov (1939 – 24.4.2017) Bakıda doğulub. Bəstəkarlar İttifaqının katibi olub.

 

3 may 1857 – Yazıçı, teatrşünas Əsgər ağa Haqverdi bəy oğlu Gorani (Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. “Qara yel” romanının müəllifidir.

3 may 1938 – Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 – 23.4.2008) Bakıda doğulub. Dövlət Akademik Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, “İstintaq davam edir”, “Nəsimi” və s. filmlərdə çəkilib.

 

Dünya

 

1 may 1881 – Fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin; 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.

1 may 1924 – Gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.

 

2 may 1772 – Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.

2 may 1903 – Özbək kinosunun yaradıcılarından biri, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.

2 may 1911 – Tacikistanın Xalq şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb.

 

3 may 1469 – İtalyan filosofu, yazıçı və tarixçi Nikkolo Makiavelli (Niccolò Machiavelli; 1469-1527) Florensiyada doğulub. Siyasət və əxlaq mövzusunda “Hökmdar” əsərini, “Florensiya tarixi”ni yazıb.

3 may 1910 – Rus şairəsi, yazıçı Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.

Hazırladı:  Vüqar ORXAN