V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq” mövzusunda sessiya (təşkilatçı UNESCO), “Qlobal vətəndaşlıq təhsili. Sülh mədəniyyətinin aşılanması”, “İslamofobiyanı dayandırın, dinlərarası maariflənmə ilə stereotipləri aradan qaldırın və kompleks müxtəliflikləri idarə edin” və s. mövzularda aralıq sessiyalar keçirildi.
BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi “Qlobal vətəndaşlıq təhsili. Sülh mədəniyyətinin aşılanması” mövzulu sessiyada Avropa Şurasının Şimal-Cənub Mərkəzi Qlobal Təhsil Proqramının meneceri Migel Silva çıxış edərək fərqli mədəniyyətlərə malik insanlarla iş prosesində qazanılan təcrübə proqramından danışdı. Qeyd etdi ki, bu gün dünyada müxtəlif pedaqoji kollektivlərdə fərqli mədəniyyətləri təmsil edən insanlar çalışır. M.Silva təmsil etdiyi qurumda tarazlı şəkildə təşkil olunan treninqlərdən söz açaraq söylədi ki, bu treninqlərdə iştirakçılara həm təkbətək, həm də qrup halında öyrənmə prosesi aşılanır: “Bizim düşüncəmiz və prioritetimiz mədəniyyətimizlə bağlıdır ki, bu da bizi fərqləndirir. Biz bu treninqlərlə çox səmərəli nəticələr əldə edirik. Bu kurslar qlobal vətəndaşlar şəbəkəsinin universitetlərində aparılır. Bu həm də gənclərin bir-biri ilə hər hansı təcrübəni bölüşmək baxımından əlverişlidir. Treninqlərimizlə yanaşı, kurslarımızda da müxtəlif mövzular tədris edilir. Qlobal vətəndaşlıq təhsili alan insanlara sülh mədəniyyətinin aşılanması vacib məsələlərdəndir. Bu hal onların sonrakı fəaliyyətlərində xüsusi önəm kəsb edir”.
İsveçrənin Mədəniyyətlərarası Təhsil, Təlim və Tədqiqat Cəmiyyətinin (SIETAR) prezidenti xanım Ann-Klod Lambelet rəhbəri olduğu qurumun fəaliyyət istiqamətlərindən danışdı, onun dünyanın 30 ölkəsində nümayəndəliyinin olduğunu dedi. Vurğuladı ki, SIETAR öz sahəsində peşəkar olan insanlarla əməkdaşlıq etməyə üstünlük verir, bu əlaqələr sayəsində dünyada ən qabaqcıl texnologiya və yeniliklərdən zamanında xəbərdar ola bilir: “Biz konqreslərimiz və seminarlarımızda hər zaman təcrübə mübadilə edirik. Biz gənclərin fəaliyyətinə üstünlük veririk. Çalışırıq ki, yaşadığımız mühitə təsir göstərə bilək”.
Sonra UNESCO-nun Nyu-Dehlidə yerləşən Sülh və Dayanıqlı İnkişaf üzrə Mahatma Qandi Təhsil İnstitutunun mütəxəssisi Kuani Simon, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Pakistan Gənclər Alyansının “Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidi və başqa nümayəndələrin mövzu ilə bağlı çıxışları dinlənildi, müzakirələr aparıldı.