Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin tələbələri 30 aprel – Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

BXA-nın 90 illik yubileyi çərçivəsində təşkil olunan tədbirdə ali təhsil müəssisələrinin rektorları, xarici ölkələrin diplomatik nümayəndələri, mədəniyyət xadimləri, BXA-nın professor-müəllim heyəti iştirak edib.

Konsertdə Xalq artisti Yusif Qasımovun quruluş verdiyi “Azərbaycan süitası”, “Yüz biri” rəqsi, Xalq artisti Afaq Məlikovanın quruluşunda “Qarabağ yallısı”, Əməkdar müəllim Pullumb Aqalıyayın quruluş verdiyi “İgidlər”, “Əməkdar artist Eteri Cəfərovanın quruluşunda  “Sind” osetin rəqsi təqdim olunub. Proqramda həmçinin BXA-nın İncəsənət fakültəsi müəllim-tələbə heyətinin quruluş verdiyi digər rəqslər, o cümlədən “Meksika xatirələri”, “Kartuli” gürcü rəqsi, “Cıdır düzü”, “Qavalla rəqs”, “Özünü tap”, “İgidlər”, “Çin rəqsi”, “Tənha insan”, “Sənətkar taleyi”, “İspan rəqsi”, “Yüz biri” rəqsi, “Ölümlə tanqo” və s. nömrələr akademiyanın müəllim və tələbələri tərəfindən ifa olunub.

Böyük maraq doğuran konsert alqışlarla qarşılanıb.