Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib.
Tədbirin əvvəlində ADU-nun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Ali məktəbin rektoru, akademik Kamal Abdulla çıxış edərək bildirib ki, universitetin məzunları arasında dövlətimizin ictimai-siyasi, mədəni həyatında, eləcə də digər sahələrdə yüksək mövqe qazanmış məzunları var və biz bu gün onlarla fəxr edirik. Diqqətə çatdırılıb ki, ADU-nun Məzunlar Assosiasiyası bu təhsil ocağının məzunlarının təklifi və universitet rəhbərliyinin təşəbbüsü ilə yaradılan ictimai və sosial təşkilatdır. Assosiasiyanın yaradılmasında məqsəd ADU məzunlarının harada olmasından asılı olmayaraq, onlarla əlaqə yaratmaq, vaxtaşırı görüşlər keçirməklə dünyanın bütün ölkələrinə yayılmış məzunları bir araya gətirmək, onların sahibkarlıq, işgüzarlıq, elmi və yaradıcı fəallıqlarının inkişafına təsir göstərməkdir. Assosiasiyanın ən şərəfli vəzifəsi öz məzunları vasitəsilə Azərbaycan Dillər Universitetinin nüfuzunun ölkəmizdə və dünyada daha da artmasına kömək etməkdir.
Sonra rektor Məzunlar Assosiasiyasının təsis olunması münasibətilə bu təhsil ocağının məzunu olmuş Baş nazir Novruz Məmmədovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
ADU-nun məzunu olmuş mədəniyyət naziri Əbülfəs Qarayev konfransda çıxış edib. Nazir bildirib ki, dünyada belə assosiasiyalar məzunlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması, möhkəmləndirilməsi və onların universitetin müasir həyatına cəlb edilməsində mühüm rol oynayır. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayandan sonra, respublikada bütün sahələrdə olduğu kimi, təhsil sistemində, xüsusən ali təhsilli mütəxəssislərin hazırlanması, onların nəzəri və peşə biliklərinin artırılması, tədris-tərbiyə prosesinin təşkilində müasir elmi metodların tətbiq olunması sahəsində də ciddi dəyişikliklər edildi. Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün ali təhsil ocaqları kimi, bu universitet də ulu öndərin diqqət və qayğısı ilə özünün yeni inkişaf yoluna qədəm qoyub. Məhz aparılan ardıcıl və məqsədyönlü islahatların nəticəsi olaraq bu gün universitetin məzunları dünyanın müxtəlif ölkələrində və beynəlxalq tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər.
Tədbirdə Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sevinc Fətəliyeva, sabiq xarici işlər naziri Hüseynağa Sadıqov, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, ADU-nun professorları Sərxan Abdullayev, Məsməxanım Qazıyeva və başqaları çıxış edərək assosiasiyanın təsis olunmasının əhəmiyyəti barədə mülahizələrini bölüşüb, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Diqqətə çatdırılıb ki, assosiasiyanın fəxri üzvləri statusu təsis olunub və bu üzvlüyə ölkənin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında xüsusi xidmətləri olan məzunlar idarə heyətinin dəvəti ilə qəbul edilirlər.
Tədbir bədii hissə ilə davam edib.