Mayın 1-də M.F.Axundzadə adına Milli Kitabxanada tanınmış yazıçı-dramaturq, ssenarist İsi Məlikzadənin (1934-1995) anadan olmasının 85 illiyi münasibətilə kitab sərgisi açılıb.

Bir həftə davam edəcək sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

İsi Məlikzadənin özünəməxsus bədii siqləti ilə seçilən əsərləri həmişə oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin bir sıra əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi”, “Pəncərə”, “Küçələrə su səpmişəm”) və teletamaşa (“Qatarda”) çəkilib.