Əməkdar incəsənət xadimi, tanınmış dirijor Elşad Bağırov Meksikanın paytaxtı Mexiko şəhərində dünya şöhrətli ingilis rəqqas Anton Dolin adına Fondun keçirdiyi festivalda böyük uğura imza atıb.
Sənətkar soydaşımız təkcə Mexikonun deyil, həm də dünyanın ən gözəl teatrlarından biri olan Zərif Sənətlər Sarayında festival çərçivəsində oynanılacaq A.Adanın “Jizel” baletinin premyerasına dirijorluq məqsədilə okeanın o tayına dəvət alıbmış. Aprelin 25-də premyerası oynanılan balet Meksika Milli Baletinin təfsirində təqdim edilib. Bir neçə gün ardıcıl - premyeradan sonra 27-si, 28-i və 29-da təkrar göstərilən “Jizel”in hər nümayişi anşlaqla keçib və baletsevərlərin böyük rəğbətini qazanıb.
Paytaxtın musiqi ictimaiyyəti tamaşanın musiqi materialı üzərində qısa müddət işləyərək orkestr və səhnədəki solistlərin unison çıxışına nail olmağı bacaran E.Bağırovu “musiqi sehrkarı” adlandırıb.
A.Dolin adına Fondun təşkilatçılığı ilə keçirilən nüfuzlu balet festivalında baş tutan bu premyeranı yerli baletsevərlər və festival iştirakçıları ilə yanaşı, tanınmış mədəniyyət xadimləri, Mexikoda yaşayan həmvətənlərimiz, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov seyr ediblər.
Məlumat üçün qeyd edək ki, A.Dolin adına Fond klassik balet repertuarının qorunması məqsədilə yaradılıb.