Rusiyanın məşhur müğənnisi Aleksandr Serov Bakıda konsert verib
Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti, məşhur müğənni Aleksandr Serovun solo konserti olub. Konsertdə müğənninin həm populyar hitləri, həm də yeni kompozisiyaları səslənib. Bundan başqa, Aleksandr Serov Müslüm Maqomayev, Tom Cons və digər dünya şöhrətli müğənnilərin repertuarından mahnıları ifa edib.
Konsertdə Rusiyanın Əməkdar artisti Aleksandr Fedorkov və gənc ifaçılar – beynəlxalq müsabiqələr laureatları Dmitri Pryanov və Yuliya Kalina da çıxış ediblər.
Aleksandr Serov 1954-cü ildə anadan olub. Virtuoz müğənni, instrumental ifaçı, şair, bəstəkar və aranjimançıdır. O, ötən əsrin 80-ci illərində məşhurlaşıb, sevgi mahnıları ilə qəlbləri fəth edib. Aleksandr Serov 40 ildən artıq yaradıcılığı ərzində müxtəlif albomlar yazdırıb. Onun bir çox məşhur mahnılarının bəstəkarı İqor Krutoy olub.
O, Almaniya, Kanada, İsrail və s. ölkələrdə qastrollarda olub. Müğənninin anşlaqla keçən hər bir konsertində publika onun ifasını zövqlə dinləyir.
Bakı konserti böyük maraq və musiqisevərlərin sürəkli alqışları ilə qarşılanıb. Sonda Aleksandr Serov bakılı tamaşaçılara səmimi qonaqpərvərliyə görə minnətdarlıq edib.
“Mən Azərbaycanı çox sevirəm. Bu ölkə dünyaya Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi istedadları, digər görkəmli insanları bəxş edib.
Ölkənizin paytaxtı Bakı haqqında danışmaqla qurtarmaz. Bu, MDB-nin ən gözəl və qonaqpərvər şəhərlərindən biridir”.
Aleksandr Serov bu fikirləri Heydər Əliyev Mərkəzində solo konsertindən sonra jurnalistlərə müsahibəsində söyləyib.
Müğənni daha sonra deyib: “Mənim mahnılarımın əksəriyyəti sevgi haqqındadır, çünki mən təbiətən romantik adamam. Bu mahnıları ifa etməkdən böyük məmnunluq duyuram. Şadam ki, uzun illər boyu insanlar mənim yaradıcılığımı qiymətləndirirlər”.