Əməkdar incəsənət xadimi, bəstəkar və pedaqoq Ədilə Hüseynzadə dahi Üzeyir Hacıbəyli məktəbinin tanınmış nümayəndələrindəndir. O, kamera musiqisinin inkişafında mühüm rol oynayıb, sevilən nəğmələr bəstələyib.
Ədilə Hacağa qızı Hüseynzadə 28 aprel 1916-cı ildə Bakıda dünyaya göz açıb. Altı yaşında valideynləri onu yeddiillik musiqi məktəbinə qoyur. Orta məktəbdə dəqiq elmlərə də hədsiz maraq göstərən Ədilə əvvəlcə N.Nərimanov adına Sənaye Texnikumunda oxuyur. Sonra Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis-texnoloq peşəsinə yiyələnsə də, musiqiyə olan marağı heç vaxt azalmır. Tale onu təsadüfən Üzeyir Hacıbəyli ilə görüşdürür və bu tanışlıq onu qəlbinin dərinliklərində yaşatdığı arzusuna bir qədər də yaxınlaşdırır.
1930-cu illərin repressiya dalğası Ədilə Hüseynzadənin də ailəsindən yan keçmir. Doğmaları İrana sürgün edilir. O, körpə uşaqlı olduğu üçün Bakıda qalır. Üzeyir bəy ona ata qayğısı göstərir, çətinlikləri dəf etməkdə yardımçı olur. 1942-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Üzeyir bəyin yanına gələn Ə.Hüseynzadə musiqiçi olmaq istədiyini bildirir. Müəyyən dinləmələrdən sonra onun gözəl soprano səsinin olduğu aşkara çıxır. Konservatoriyanın vokal şöbəsinə qəbul edilir. Ancaq bəstəkar olmaq istəyi onu rahat buraxmır. Sonralar o günləri belə xatırlayır: “Bir gün Üzeyir Hacıbəylinin yanında bəstəboy, qarayanız bir qız gördüm və onunla maraqlandım. Dedilər ki, bəs Ağabacı Rzayevadır. Üzeyir bəydən bəstəkarlıq dərsi alır. Əvvəl təəccüb etdim. Düşündüm ki, qızdan da bəstəkar olar? Sonra özümü də bu sahədə sınamaq qərarına gəldim... Şair Soltanın “Yadigar” şeirinə musiqi bəstələdim. Bir gün bu romansı sevimli müəllimimə göstərdim. Çox bəyəndiyini söylədi. Elə o gündən də məni bəstəkarlıq şöbəsinə keçirdi”.
1945-ci ildə Üzeyir bəyin “Arşın mal alan” operettası ekranlaşdırılır və Ədilə xanım böyük bəstəkarın təklifi ilə Asyanın partiyasını səsləndirir. Filmin musiqi redaktoru maestro Niyazi onun ifasını bəyənir və səsi lentə alınır.
Bu uğurlardan ilhamlanan musiqiçi çox keçmir Üzeyir bəyin təşəbbüsü ilə dahi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə “Vəslin həvəsi” romansını bəstələyir. Romans ilk dəfə böyük xanəndə Bülbül tərəfindən ifa olunur.
1948-ci ildə Üzeyir bəy vəfat edir, Ədilə xanım Boris Zeydmanın sinfinə keçirilir. 1953-cü ildə konservatoriyanı müvəffəqiyyətlə başa vuraraq təyinatla indiki Bülbül adına Orta ixtisas musiqi məktəbinə göndərilir.
Onu da deyək ki, bir müddət ailə qayğıları ilə bağlı yaradıcılıqdan uzaqlaşan musiqiçi qəzetdə Rəsul Rzanın “Yaşamaq” şeirini oxuyur. Bu onun yazıb-yaratmaq həvəsini alovlandırır. 1970-1971-ci illərdə görkəmli şairin “Yaşamaq”, “Mənim arzum”, “Soruşuram sevincdən” şeirlərinə romanslar bəstələyir. Sonra bu əsərləri ”Duyğular” vokal silsiləsinə daxil edir. Bəstəkarın 60-dan çox vokal əsərini Bülbül, Sona Aslanova, Firəngiz Əhmədova, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Rəhilə Cabbarova və başqaları ifa edib. Ədilə Hüseynzadə bəstəkarlıq sənətinin inkişafında xidmətlərinə görə 1982-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Xalq artisti Tofiq Quliyev bu münasibətlə ona təbrik məktubunda yazırdı: “Sizin istedadlı yaradıcılığınız son onillikdə çiçək açmış və Azərbaycan kamera musiqisində əhəmiyyətli hadisə olmuşdur. Sizə yaradıcılığınızda daha böyük müvəffəqiyyətlər, möhkəm cansağlığı və bir qədər az təvazökarlıq arzu edirəm”.
Sənətkar müxtəlif janrlarda bir-birindən gözəl əsərlər yaradıb. Səməd Vurğunun sözlərinə bəstələdiyi xor və simfonik orkestr üçün “Gözəl vətən”, Tofiq Mütəllibovun şeirinə yazdığı “Sülhün səsi” kantataları, “Oğlumun babasına” balladası, dördhissəli simli kvarteti, violonçel və fortepiano, xor və kamera-instrumental əsərləri müxtəlif ölkələrin mədəniyyət tədbirlərində ifa edilərək yüksək qiymətləndirilib.
Daha çox romans və mahnılar müəllifi kimi tanınan Ədilə Hüseynzadənin “Bülbül”, “Qarayazı meşəsində”, “Bir səs”, “Yaşamaq” və s. mahnıları bu gün də sənətçilərimiz tərəfindən həvəslə oxunur və musiqisevərlərin rəğbətini qazanır.
Görkəmli sənətkar 20 iyul 2005-ci ildə vəfat edib.
Savalan FƏRƏCOV