Bakıdakı “Qalereya 1969” sərgi salonunda Heydər Əliyev adına Müasir Təhsil Kompleksi şagirdlərinin əl işləri nümayiş olunur.
Sərgini sənətşünaslıq doktoru, professor Telman İbrahimov açıb. O, ilk yaradıcılıq hesabatlarını təqdim edən iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıb.
Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova qeyd edib ki, sərgi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərdəndir. Bildirib ki, sərginin ekspozisiyasına müxtəlif texnikalarda – yağlı boya, karandaş, sulu boya, flomaster, strinq-art, tikmə, ağac üzərində yandırma üsulu ilə işlənmiş 150-dək əl işi daxil edilib.
A.Mikayılova balaca rəssamların müəllimlərinə - Kamilə Muradovaya, Vüqar Əliyevə, Səadət Əbdülsəlimzadəyə, Söhrab Hüseynova, həmçinin sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra sərgi ilə tanışlıq olub. Uşaqlar öz əl işləri vasitəsilə sevimli nağıl və cizgi filmlərindən, ətraf mühitdə onları təəccübləndirən və sevindirən hər şeydən aldıqları təəssüratları əks etdirməyə çalışıblar.