Mayın 8-i görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Soltan Hacıbəyovun doğum günüdür. Bir əsrlik yubileyi qeyd olunan Soltan Hacıbəyov Azərbaycan musiqisinə misilsiz töhfələr vermiş Hacıbəylilər nəslinin nümayəndəsi, Avropa təməlli simfonik musiqimizin yaradıcılarından biridir.

Milli musiqi ictimaiyyətinin musiqili komediya, balet, daha neçə irihəcmli musiqi əsərinin müəllifi, dirijor və pedaqoq, musiqili kollektivinin rəhbəri  kimi tanıdığı Soltan Hacıbəyov 1919-cu ildə Şuşada dünyaya gəlib. 1930-cu ildə doğma şəhərdə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıda, əmisi oğlu Üzeyir Hacıbəylinin evində yaşayaraq tərbiyə alıb. Musiqi Texnikumunu bitirdikdən (truba sinfi) sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində davam etdirib, simfonik musiqinin əsaslarını görkəmli bəstəkar-pedaqoq Boris Zeydmandan, Azərbaycan xalq musiqisinin əsaslarını isə Üzeyir bəydən öyrənib.

Soltan Hacıbəyov iki simfoniyanın, “Gülşən” baletinin, “İsgəndər və çoban” uşaq operasının, “Qızılgül” musiqili komediyasının, “Karvan” simfonik lövhəsinin, simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün müxtəlif həcmli əsərlərin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.  1974-cü ildə vəfat edib.

Mayın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində bəstəkarın kamera əsərlərindən ibarət konsert keçirildi. Tədbirin Şuşanın işğalının ildönümü ərəfəsinə təsadüf etməsi bu musiqi axşamına ayrı bir ovqat qatmışdı...

Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, həm də bəstəkarın gəlini Ülviyyə Hacıbəyova hər kəsi salamlayaraq konsertin proqramı haqqında məlumat verdi.

Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnar Verdiyeva bəstəkarın yaradıcılığı haqqında danışdı. Yubilyarın çoxşaxəli yaradıcılığını təhlil edən məruzəçi Soltan Hacıbəyova böyük şöhrət qazandırmış “Karvan” simfonik lövhəsini yada salaraq dedi ki, əgər o, başqa əsər yazmasaydı belə, bu əsərlə musiqi tarixində qalacaqdı.

Konsertdə əməkdar artistlər Vaxtanq İmanov, Soltan Məmmədova, Aleksey Miltıx və Ceyran Seyidovadan ibarət simli kvartet, xalq artistləri Ülviyyə Hacıbəyova,  Gülnaz İsmayılova, əməkdar artistlər Töhfə Babayeva, Səbinə İbrahimova, Elnarə Kəbirlinskaya, Nəzakət Rimazi, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli bəstəkarın əsərlərini ifa etdilər.

Konserti dinləyənlər arasında Bakı Musiqi Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin, Bülbül adına Orta ixtisas musiqi məktəbi şagirdlərinin olması isə göstərirdi ki, Soltan Hacıbəyovun yaradıcılığı bütün ifaçı və musiqisevərlər nəsilləri üçün maraqlı və cəlbedicidir.

GÜLCAHAN