Paytaxtın Xəzər rayonundakı Zirə Mədəniyyət Mərkəzi mayın 4-də ustad xanəndə Hacıbaba Hüseynovun 100 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkilləri Rauf Əliyev, Ziyad Səmədzadə, incəsənət xadimləri, Bakı kəndlərinin ziyalı və sənətsevərləri iştirak ediblər.

Gecəni giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Hacıbaba Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhfələrdən söz açıb.

Millət vəkili, akademik Ziyad Səmədzadə, xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, əməkdar incəsənət xadimləri Aqil Məlikov, Sərdar Fərəcov, qəzəlxan-şair Hacı Arif Buzovnalı və başqaları Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşüblər, unudulmaz sənətkarın  muğam sənətimizdə öz dəst-xətti olduğunu vurğulayıblar. Çıxışlar zamanı həmçinin Hacıbaba Hüseynovun pedaqoji fəaliyyətindən, neçə-neçə xanəndələr yetirməsindən söz açılıb.

Xalq artisti Səkinə İsmayılova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, muğam müsabiqəsinin laureatları Almaxanım Əhmədli, Hüseyn Məlikov, Məmməd Nəcəfov və başqaları rəngarəng ifaları ilə izləyicilərin könlünü oxşayıblar. 

LALƏ