… Atışma başladı. Əslində, şəhərdə hər gün atışma gedirdi. Mərmilər şəhər sakinlərini hər yerdə - küçədə, evdə, iş yerində yaxalayırdı. O da qaldığı evdən küçəyə çıxmışdı. İşə gedirdi. Yenə mərmilər dolu kimi yağmağa başladı.

Küçədəki hər kəs qorunmaq üçün özünü daldaya verməyə çalışır, ağacların altına keçir, küçə qapılarına qısılır, binaların arxasına keçib aranın səngiməyini gözləyirdi. Təkcə o az qala küçənin tən ortası ilə gedirdi. Onunla üzbəüz gələnlərlə yanaşı, iti addımlarla arxadan ötüb keçənlər də qanrılıb təəccüblü baxışlarla onu süzürdülər. Təlaş içində yaşayan şəhərdə belə gözəgəlimli, mavigözlü sarışın qızın öz yerişinə haram qatmadan addımlaması ən azından qəribə idi…

Bu mənzərə hansısa filmdən deyil. Şəhər min doqquz yüz doxsanların əvvəlinin Şuşasıdır. O qız isə ən yaxın günlərdə Vətən təəssübünü sənət sevgisindən, həyat arzularından üstün tutaraq əlinə silah alacaq Şuşa teatrının gənc aktrisası Şükufə Musayevadır...

- Düşünmürdüm ki, yaralanmaqdan, ölməkdən qorxmaq olar. Fikirləşirdim ki, Vətənim, torpağım odun-alovun içindədirsə, mən nədən qorxmalıyam? Ölüm qorxusu ilə yaşamaqdansa, elə gedib ön cəbhədə Vətənimi müdafiə edərəm, qismət olsa, sağ qalaram, qismət olmasa, ölərəm. Öləndə də bilərəm ki, Vətən uğrunda canımdan keçdim. Onsuz da bu can Vətənsiz heç nədir. Kiminsə köləsi olmaqdansa, canımı Vətənimə qurban verərəm.

Heç bu sözlər də hansısa əsərdən deyil. Bu fikri deyən də elə həmin mavigözlü, sarışın qız, Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası, Xalq artisti, keçmiş döyüşçü, Qarabağ müharibəsi veteranı Şükufə Musayevadır. Onunla teatrın Bakıdakı hələ rəng qoxusu çəkilməmiş yeni binasında görüşürük. Müharibə keçmiş insanlar, öz fədakarlığına heç bir don geyindirməyi sevməyən sabiq döyüşçülər cəbhə xatirələrini danışmağı heç sevməzlər. Odur ki, söhbətimizdə gah geri qayıdırıq, gah bu günümüzdən danışırıq.

* * *

- Yadımdadır, orta məktəbdə oxuyanda bizə arzularımız haqqında inşa yazdırdılar. Mən də yazdım ki, aktrisa olmaq istəyirəm. Rəhmətlik Şirin müəllim yazımı oxuyandan sonra təəccüblə soruşdu ki, ay Şükufə, yəni evdən səni aktrisa olmağa qoyacaqlar? Cavab verdim ki, niyə qoymurlar, burda nə var ki? Özü də mən kino aktrisası olmaq istəyirdim. Qismətə bax ki, taleyimi teatra bağlamalı oldum.

 

- Çox qəribə qismətdir… Siz özünüz Bərdədənsiz. Tale sizi Şuşaya aparıb çıxarıb. Şuşa teatrı ilə birlikdə də qaçqın düşmüsünüz. Yəni qaçqınlıq taleyi sizi təkcə şəxsi həyatınızda yox, iş həyatınızda da izləyir.

- Şuşa Mədəni-Maarif Texnikumunu bitirəndən sonra təyinatımı elə Şuşadakı Mədəniyyət evinə verdilər. Teatr yarananda isə teatra keçdim. Arada Ağdam teatrında 5-6 ay işlədim. Sonra yenidən Şuşa teatrına qayıtdım. 1990-cı ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə qiyabi qəbul olunmuşdum.

 

- Eyni vaxtda həm döyüşçü, həm də tələbə…

-  Könüllülərə qoşuldum. Qarabağı müdafiə batalyonunda vuruşdum. Əvvəlcə dedilər ki, qərargahda qal, yazı-pozu işlərinə bax. Razılaşmadım. Silahla rəftarı öyrənəndən sonra ön cəbhəyə getməyimə icazə verdilər.

 

- Neçə il cəbhədə olmusunuz?

- İki il. Ağdərədə ağır yaralandım, kontuziya aldım. Bir də Tərtərdə hospitalda ayıldım. Bədənimdə, üzümdə 72 qəlpə yarası var idi. Təkcə bir cərrahiyyə əməliyyatında 27 qəlpəni çıxardılar. Bəziləri isə… deyəsən, ömürlük mənimlə qalacaq.

 

- Görürəm ki, o günləri xatırlamaq sizə çox çətindir. Mövzunu dəyişək. 

- Onsuz da müharibə mənim düşüncələrimdən, qəlbimdən silinmir ki…

 

- Siz bu teatrın veteran artistisiniz… Bu illər ərzində onlarla rol oynamısınız. Bir neçəsini mən də seyr etmişəm. Şəraitsizlik, binasızlıq üzündən bəxti gətirməyən tamaşalarınız da olub. Amma nədənsə yadıma gəlmir ki, məhz sizin üçün rejissorlar tamaşa qursunlar…

- Yooxxx… Yalan nə deyim? Olmayıb… niyəsini mən də bilmirəm. Heç kimi də qınamıram, kimsədən də küsmürəm. Binasızlıq çox yaradıcı insanın karyerasına zərbə vurdu. Görək, bundan sonra necə olacaq…

 

- Şükufə xanım, bayaq söhbət edəndə dediniz ki, kino aktrisası olmaq istəyirdiniz… Bəs bu sahədə vəziyyət necədir?

- Bir-iki filmdə epizodik rollara çəkilmişəm. Kinoda elə bir işim yoxdur ki, məni onunla tanısınlar…

 

- Səhv etmirəmsə, sizi bir serialda da gördüm…

- Hə, ötən il “İmtahan” serialında çəkildim. Orda da mənim qəhrəmanım cəmi bir neçə seriyada göründü…

 

- Dəvət etmirlər, yoxsa, aldığınız dəvətləri bəyənmirsiniz?... Aktyor, aktrisa təkcə teatrda oynamaz ki? Bəlkə elə sizin kimi peşəkar aktrisalar seriallardan qaçır deyə, gördüyümüz serial qəhrəmanları bir-birinə oxşayır, tamaşaçıya maraqsız gəlir?...

- Hər şeyə zaman lazımdır. Baxın, neçə illər idi ki, bizdə film çəkilmirdi. Kinostudiyamız indi-indi dirçəlir, serial sahəsində də rəqabət təzəlikcə yaranmaqdadır.

 

- Bəs teatrdan başqa həyatınızda nələr var?

- Əsas iş yerim Şuşa teatrıdır. Hazırda “Anamın kitabı”nda Zəhrabəyim rolunu hazırlayıram. Yəqin ki, tamaşanı gələn mövsüm təhvil verərik. Neçə ildir ki, Xırdalanda – Abşeron rayon Mədəniyyət Mərkəzində Xalq teatrının rəhbəriyəm. Rayonun, şəhərin tədbirlərində iştirak edirik, bütün əlamətdar günlərlə bağlı kompozisiyalar, həm böyüklər, həm də uşaqlar üçün tamaşalar hazırlayırıq. Özüm də arada nağıl-pyeslər, hekayələr, şeirlər yazıram. İndiyədək iki kitabım çap olunub. 

 

- Deməli, müharibənin içinizdə gəzdirdiyiniz ağrı-acısını yazılarınıza boşaldırsınız…

- Çalışıram. Amma Şuşada, köçhaköçdə o qədər yazılarım itdi ki…

 

- Üzünüzə demək olmasın, mehribanlığınıza, yumşaq xasiyyətinizə görə sizi heç müharibənin odundan keçmiş döyüşçü hesab etmək olmaz. Adətən deyirlər ki, müharibə görmüş insanların, xüsusən də qadınların xasiyyəti tündləşir…

- Mən əvvəldən kövrək olmuşam, müharibədən sonra kövrəkliyim daha da artıb. Gərginliyə düşəndə gözümün yaşını saxlaya bilmirəm. Düzdür, arada kontuziyanın təsiri özünü göstərir: möhkəm əsəbiləşirəm. Amma hirsim də tez soyuyur. Qorxuram ki, əsəbi, hirsli vaxtımda kiminsə qəlbinə dəyərəm (bir qədər susur və əlavə edir), mən müharibəyə nifrət edirəm. Müharibə insanların arzularının üstündən xətt çəkir.

Yaralanandan sonra xeyli müalicə aldım. Hələ üzümdəki tikişlərin izləri keçməmişdi, bədənimdəki qəlpələrin çoxu qalırdı, yenidən cəbhəyə dönmək istədim, icazə vermədilər. O vaxt Şuşa teatrı ön cəbhədə əsgərlər qarşısında konsert proqramı ilə çıxış edirdi, mən də teatrın kollektivinə qoşuldum. “Arşın mal alan”dan Asyanın mahnısı və rəqsi ilə həmin konsertlərdə çıxış edirdim.

 

- Hərdən savaş meydanına döyüş səhnəsi də deyirlər. Yəni o səhnə ilə teatr səhnəsinin arasında oxşar cəhətlər bu qədər çoxdu?

- Hər iki cəbhədə xidmət etmək əziyyətdir. Amma sənin üçün son çıxış ola biləcək döyüş səhnəsinin iştirakçısı olmaq hara, səhnəyə çıxıb rol oynamaq hara? Mən müqayisə etməzdim. Yenə də yaxşı ki, teatr var. Teatr olmasaydı, bəlkə də bu gün sizinlə üzbəüz oturub söhbət etmirdik.

* * *

…Söhbətimizi burada kəsməyə məcburuq. Çünki Şükufə xanım məşqə tələsir. Teatrda Şuşanın işğalının növbəti ildönümünə həsr olunmuş kompozisiyanın məşqi gedir. Mənimsə ürəyimdə başqa istək var. Şuşa teatrının Şuşadakı məşqindən reportaj hazırlamaq! Müsahibimin dediyi bir cümlə isə fikrimdən çıxmır: “Müharibə arzuların üstündən xətt çəkir”.

G.MİRMƏMMƏD