Azərbaycanlı opera sənətçisi, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist İlham Nəzərov TÜRKSOY-un “Aşıq Veysəli anma ili” çərçivəsində təşkil etdiyi konsert proqramlarında həm ifası, həm də bəstəsi ilə böyük rəğbət qazanıb.
Türkdilli ölkələrdən musiqiçilərin qatıldığı konsertlərin bir özəlliyi də Aşıq Veysəlin sözlərinə bəstələnmiş əsərlərinin təqdim edilməsi idi.
İlham Nəzərov konsert proqramlarında Aşıq Veysəlin “Kardeşim” şeirinə bəstələdiyi “Beni hor görme!” adlı mahnısını ifa edib. Əsər vokal, piano və xor üçün nəzərdə tutulub. Qeyd edək ki, “Beni hor görme!” mahnısı İ.Nəzərovun ilk bəstəsidir və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Sənətçimiz həmçinin “Sarı gəlin” Azərbaycan xalq mahnısını və Y.Kuxmazovanın “Kara toprak” adlı əsərini də səsləndirib.
İ.Nəzərov “Aşıq Veysəli anma ili” konsertində iştirakına görə TÜRKSOY-un xatirə plaketi ilə təltif olunub.