Aprelin 29-dan mayın 5-dək İran İslam Respublikasının Babol şəhərində 9-cu Vareş Beynəlxalq Film Festivalı keçirilib.

Festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra Mir Rza və prodüser Elşən Əliyev təmsil ediblər.

Festivalda ekran əsərlərimiz – “Qanadsız möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, “Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmləri müsabiqə proqramında nümayiş olunaraq kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Bundan əlavə, “Çövkən”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmlərimiz “Azərbaycan proqramı” çərçivəsində festival günlərində İran tamaşaçılarına təqdim edilib.

Festival günlərində həmçinin Azərbaycan kinosuna həsr olunan tədbir keçirilib, milli kinomuzun tarixi və bugünü haqqında iştirakçılara, eləcə də yerli televiziya kanalları və digər KİV-lər vasitəsilə ətraflı məlumat verilib.