Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Səbail rayonu 160 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə tanınmış Azərbaycan şairi, tərcüməçi Hikmət Ziyanın 90 və rus şairi və yazıçısı İvan Krılovun anadan olmasının 250 illik yubileyi münasibətilə tədbir keçirilib.
Məktəbdə reallaşan tədbirdə 5-ci sinif şagirdlərinin təqdimatında hər iki ədibin həyat və yaradıcılığı haqqında məlumat verilib, həmçinin onların yaradıcılığından ən çox sevilən təmsillərin səhnəcikləri, rəqs kompozisiyaları və mahnılar təqdim olunub.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bildirib ki, tədbirin təşkilində məqsəd məktəbliləri iki ölkənin təmsil ustalarının yaradıcılığı ilə yaxından tanış etməkdir. Qeyd edib ki, Hikmət Ziya 3 mindən çox təmsilin müəllifidir, o, eyni zamanda İvan Krılovun bir çox təmsillərini dilimizə tərcümə edib.
Sonda tədbir iştirakçıları kitabxana tərəfindən təşkil olunan kitab sərgisi ilə tanış olublar.