Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirilir, sənət layihələri təqdim edilir. Beynəlxalq Muğam Mərkəzində xanəndə, Xalq artisti Nəzakət Teymurovanın təqdimatında “Qəlb aynası” adlı solo konsert də “Nəsimi ili”nə maraqlı töhfə oldu.

Poeziya və musiqinin vəhdəti olan layihə Nəsiminin eşqini və çağımızda ölməz şairə sevgini nümayiş etdirirdi. Nəzakət Teymurova konsert haqqında məlumat verərək bildirdi ki, proqramda əksər musiqi nömrələri ilk dəfə təqdim ediləcək.

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi Nəsimi poeziyası haqqında düşüncələrini bölüşdü. Qeyd etdi ki, şairin poeziyası dərin fəlsəfiliyi, çoxjanrlılığı, lirikliyi ilə seçilir. Onun poeziyasında müxtəlif musiqi terminlərinə, muğamların və musiqi alətlərinin adlarına rast gəlinir.

Sonra konsert proqramı başlandı. Əməkdar artist, tarzən Əliağa Sədiyevin özünəməxsus ifası, “Hicaz” qrupunun rəhbəri Eyvaz Haşımovun Nəsimi qəzəllərinə bəstələdiyi bir neçə yeni mahnı ilk dəfə bu gecədə səsləndi. Konsertdə qəzəllərə ilk dəfə yazılmış musiqilərdən əlavə, Nəsimi irsinə müraciət edən bəstəkarların əsərlərinə də yer verilmişdi.

Kompozisiya şəklində təqdim edilən konsert proqramında aktyorların ifasında Nəsimi poeziyasından nümunələr və muğamlar bir-birini əvəzlədikcə rəngarəng bir dünyaya səyahət etdik. Niyə rəngarəng? Çünki caz, etnocaz və muğamın sintezində təqdim edilən Nəsimi qəzəlləri bütün kollektivin böyük əmək sərf etdiyindən xəbər verirdi.

Həm xanəndə Nəzakət Teymurova, həm də bədii qiraətçilər Nəsiminin hiss və duyğularını göstərməyə çalışırdılar. Xanəndənin ifasında şairin “Dilbəra, mən səndən ayrı”, “Məndə sığar iki cahan”, “Qafil, oyan”, “Qəlb aynası”, “Yarımı buldum” və digər əsərləri musiqinin vəhdətində Nəsimi dühasına yeni baxış kimi yaddaşlara yazıldı. O düşüncə ki, “Qəlb aynası”nda özümüzü görməyə, qəlbimizi, dünyamızı saflaşdırmağa səsləyirdi bizləri. Sonda isə sürəkli alqış və təşəkkürlər...

Beləliklə də, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və layihələrindən daha biri muğam sənəti və ədəbiyyatımızın möhtəşəm birliyini nümayiş etdirmiş oldu.

Lalə AZƏRİ