İsrailin Təl-Əviv şəhərində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılışı keçirilib. Şəhərin mərkəzində, Qabim teatrında gerçəkləşən mərasimdə 41 milli nümayəndə heyəti iştirak edib.
“Eurovision kəndi” Təl-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında yerləşir. Təşkilatçılar bildirirlər ki, bu, müsabiqə tarixində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi isə Təl-Əvivdəki Sərgi mərkəzində gerçəkləşir. Müsabiqənin ilk yarımfinalı mayın 14-də keçirilib. Növbəti yarımfinal mayın 16-da, final isə 18-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın “Eurovision 2019” təmsilçisi Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.