Bakı Xoreoqrafiya Akademiyasının kolleci Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə, o cümlədən xoreoqrafiya sənətinə, balet və milli rəqs sahəsində çalışan sənət adamlarına diqqət və qayğısından danışılıb və konsertin Heydər Əliyev şəxsiyyətinə, onun ölçüyəgəlməz xidmətlərinə olan hörmət və ehtiramın mücəssəməsi olduğu qeyd edilib.

Konsertdə Əməkdar artist Sənan Hüseynlinin quruluş verdiyi “Qazağı” xalq rəqsi, Əməkdar artist Tamilla Məmmədovanın quruluşunda Qara Qarayevin “Yeddi gözəl” baletindən “Şərq” rəqsi, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından rəqs (quruluş – Xalq artisti Yusif Qasımov), Şarl Qunonun “Faust” operasından variasiya (quruluş – Xalq artisti Kamilla Hüseynova), Əməkdar müəllim Pullumb Aqalıyayın V.A.Motsartın musiqisinə quruluş verdiyi “Divertisment”,  Əməkdar artist Eteri Cəfərovanın quruluş verdiyi “Tənhalığın tanqosu” müasir rəqsi təqdim olunub. Həmçinin Elza İbrahimovanın “Gecələr bulaq başı” mahnısı əsasında Əməkdar artist Səbinə Qasımovanın quruluş verdiyi rəqs, Xalq artisti Roza Cəlilovanın quruluş verdiyi Emin Sabitoğlunun “Ağ çiçəyim” rəqsi, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən Poladın variasiyasından rəqs parçası (quruluş – Əməkdar mədəniyyət işçisi Sergey Boqdano), eləcə də müəllim-xoreoqraflar Cəmilə Musayeva, Yelena Çernousova və baş müəllim Mehriban Nəzərovanın quruluşunda bir sıra rəqs parçaları tələbələr tərəfindən ifa olunub.