“Muzeylər və Nəsimi irsi” – “Məktəblilər üçün muzey həftəsi”nin açılışı keçirildi

Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may – Beynəlxalq Muzeylər Günü hər il bir mövzu-deviz altında qeyd olunur.

Bu il İCOM tərəfindən “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi elan olunub. Ənənəvi mədəniyyət mərkəzləri olmaqla yanaşı, muzeylər həmçinin öz kolleksiyalarının qorunması və interpretasiyasının yeni yollarını axtarır, həm gələcək nəsillər, həm də müasir auditoriya üçün əhəmiyyətli olacaq yeni muzey ənənələri yaradırlar. Bu gün muzeylər ziyarətçilərin innovativ proqramların iştirakçısı ola biləcəyi interaktiv mərkəzlərə çevrilirlər.

Əlamətdar gün bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İCOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-in dəstəyi ilə geniş şəkildə qeyd ediləcək. Respublikamızın 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçərişəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyi, Bülbülün memorial muzeyi, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək üç gün ərzində (17-19 may) “Muzeylər Park Bulvarın qonaqları” adlı tədbirin iştirakçılarına müxtəlif proqramlar təqdim edəcəklər.

Tədbirin rəsmi açılışı 17 may, saat 17-də Park Bulvar AVM-in I mərtəbəsində olacaq.

Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə ənənəvi olaraq “Məktəblilər üçün muzey həftəsi” proqramı da reallaşır. Bu il proqrama mayın 12-də Muzey Mərkəzində keçirilən mərasimlə start verildi.  Budəfəki layihə “Nəsimi ili” münasibətilə “Muzeylər və Nəsimi irsi” mövzusuna həsr olunub.

Tədbir Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirildi. Proqram çərçivəsində mayın 18-dək mədəniyyət ocaqlarına ekskursiyalar təşkil olunacaq.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, Təhsil Nazirliyi ilə birgə “Məktəblilər üçün muzey həftəsi”nin keçirilməsi artıq ənənə halını alıb. Qeyd edildi ki, 1977-ci ildən 18 may tarixi “Beynəlxalq muzeylər günü” kimi qeyd edilir: “Ölkəmizdə də geniş şəkildə qeyd edilən əlamətdar gün uşaq və gənclərin muzeylərlə tanışlığı baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan muzeylərinin fəaliyyətindən danışarkən qeyd etməliyik ki, ölkəmizdə muzey işi ilə əlaqədar beynəlxalq tədbirlər keçirilir, təcrübələr bölüşülür.

Eləcə də muzeylərimiz beynəlxalq arenada Azərbaycanın mədəni irsini nümayiş etdirirlər. Mədəni irsin yaşadılması gələcək nəsillərdən asılıdır. Layihə çərçivəsində muzeylərimiz təmənnasız olaraq məktəblilərə qapılarını açır, onlara mədəni irsimiz və görkəmli şəxsiyyətlərimizin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaradır”.

Dövlət başçısının sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini diqqətə çatdıran nazir bildirdi ki, bütün muzeylərimizdə Nəsimi ilə bağlı eksponatlar olmasa da, görkəmli şairin zəngin yaradıcılığı və fəlsəfəsi neçə əsrlərdir ki, xalqımızın düşüncəsində yaşayır.

Əbülfəs Qarayev onu da qeyd etdi ki, uzun fasilədən sonra Təhsil Nazirliyi ilə birgə məktəblilərin teatrlara gəlişini təmin edən layihəyə start veriləcək: “Çünki bu günün gənc nəsli mədəniyyətimizi gələcəyə daşıyanlardır. Onların muzey və teatrlara səfərləri bu istiqamətdə çox zəruri addımdır”.

Təhsil naziri Ceyhun Bayramov gənclərin muzeylərə ekskursiyasının təşkilini çox müsbət hal kimi qiymətləndirdi. Bildirdi ki, artıq 270 məktəb bu layihəyə qoşulub. Bu, hər bir şagirdin hərtərəfli formalaşması üçün çox vacibdir. Çünki muzeyin ekspozisiyalarını görmək, orada ədəbiyyat, tarix dərslərini aparmaq olduqca səmərəlidir. Mədəniyyət və Təhsil nazirliklərinin birgə əməkdaşlığı nəticəsində uşaqların hərtərəfli inkişafı üçün teatrlara da gedişlər təşkil olunacaq. Eyni zamanda gələcəkdə məktəblərdə dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə festivallarla yanaşı bəzi dərslərin muzeylərlə birgə keçirilməsi də nəzərdə tutulur. Bununla da şagirdlər əyani olaraq tarix və ədəbiyyat, həyat bilgisi, təsviri incəsənət dərslərində qədim tariximiz, mədəniyyətimiz haqqında məlumatlarla yaxından tanış olmaq imkanı qazanacaqlar. Bu iş gənc nəslin bədii-estetik zövqünün formalaşmasına müsbət təsir göstərəcək. Bu baxımdan təhsil ocaqlarında dram və təsviri sənət dərnəkləri də böyük önəm kəsb edir.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova layihənin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, muzeylərə şagirdlərlə yanaşı müəllimlər də cəlb olunurlar. Onlar əvvəlcədən muzeylə tanış olur və ekskursiyalar təşkil edirlər. Bu da onların peşəkarlıq səviyyəsini artırmasına təsir göstərir.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə bildirdi ki, “Məktəblilər üçün muzey həftəsi” proqramı artıq beş ildir Bakı şəhərində fəaliyyət göstərən 28 aparıcı muzeydə keçirilir, həmçinin Azərbaycanın regionlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinə məktəblilərin ekskursiyaları təşkil olunur. Layihə çərçivəsində bu günədək 70 minə yaxın məktəbli muzeyləri ziyarət edib.

Sonra nazirlər tədbirin bədii hissəsi ilə tanış oldular. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəyin üzvlərinin ifasında Nəsiminin “Məndə sığar iki cahan”, muğam triosunun ifasında “Neylərəm” qəzəlləri səsləndirildi. Mərkəzin qanun dərnəyinin çıxışı da maraqla qarşılandı.

Daha sonra qonaqlar Muzey Mərkəzinin “All you need is love...” sərgisində uşaqlar üçün təşkil olunmuş xüsusi proqramla, C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyində məktəblilər tərəfindən hazırlanan kiçik tamaşa, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı interaktiv tamaşa və Qədim musiqi alətləri ansamblının çıxışları ilə tanış oldular.

Tədbirdə “Məktəblilər üçün muzey həftəsi” proqramında fəal iştirakına görə 28 muzeyin direktorlarına Təhsil Nazirliyi tərəfindən təşəkkürnamələr təqdim edildi.

Lalə AZƏRİ