Mayın 11-də Üzeyir Hacıbəylinin ev-muzeyində böyük rus şairi Aleksandr Puşkinin (1799-1837) anadan olmasının 220 illiyinə həsr edilən “Puşkiniana-2019” layihəsi çərçivəsində tədbir keçirildi.

“Rosstrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının bu layihəsi Rusiyanın ölkəmizdəki səfirliyinin və Azərbaycandakı Rus İcmasının dəstəyi ilə reallaşır.

Layihənin əlaqələndiricisi Lyubov Yakunina çıxış edərək Puşkinin həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, onun  dünyagörüşünün formalaşmasında nənəsi Mariya Alekseyevnanın, tərbiyəsində isə dayəsi Arina Rodionovnanın böyük zəhməti olub. Arina Rodionovna xalq inanclarını, atalar sözlərini, tapmacaları çox yaxşı bilib. Sonradan Puşkin ondan eşitdiklərini xatırlayaraq  uşaqlar üçün maraqlı mənzum nağıllar (“Çar Saltan haqqında nağıl”, “Qızıl xoruz haqda nağıl” və s.) yazıb.

Lyubov Yakunina daha sonra Puşkinin ədəbi irsinə Azərbaycanın şair və yazıçılarının münasibəti, məşhur tarixçi, şair A.Bakıxanovla Puşkinin görüşü, M.F.Axundzadənin Puşkinin ölümünə “Şərq poeması”nı yazması barədə danışdı. Çıxışdan sonra Bakı şəhərinin orta məktəb şagirdlərinin ifasında şairin şeirləri dinlənildi. Məktəblilər A.Puşkinin nağıl və poemalarından bəhs edən səhnəciklər göstərdilər. Həmçinin bildirildi ki, “Puşkiniana 2019” tədbirləri iyun ayınadək davam edəcək.

SAVALAN