Azərbaycan milli teatr tarixində özünəməxsus yeri olan Dövlət Pantomima Teatrı yaranmasının 25-ci ildönümünü təntənəli şəkildə qeyd etdi.
Mayın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən yubiley gecəsində sənət ocağının yaradıcılıq yoluna geniş nəzər salındı.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində pantomimçilərin 25 illik fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış oldular.
Gecədə təbrik nitqi ilə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev teatrın keçdiyi yola nəzər saldı.
Bildirildi ki, 25 il ərzində yaradıcı heyət teatrın səhnəsində müasir və aktuallıq kəsb edən mövzulara müraciət edib: “Bu gün də sənət ocağının kollektivi öz axtarışlarını uğurla davam etdirir. Kollektiv müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində, eləcə də 30-dan artıq xarici və yerli teatr festivalında teatr sənətimizi və ümumən mədəniyyətimizi yüksək səviyyədə təmsil edib”.
Prezident İlham Əliyev tərəfindən teatra, mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı göstərildiyini vurğulayan Əbülfəs Qarayev dövlət başçısının bu sahə ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışdı: “Biz bu il Azərbaycan teatrlarının inkişafı üçün nəzərdə tutulan dövlət proqramını tamamlayırıq. Yola saldığımız son on ildə bu istiqamətdə qarşıda duran problemləri kifayət qədər adlamışıq. Lakin bu sahədə hələ görüləcək işlər var. Teatr sanki canlı bədəndir, onun ağrıyan yeri də olur, sevinən ürəyi də. Deyərdim ki, Pantomima teatrı ürəkdə olan sevinclə yaşayır. Zamanla biz bütün problemlərimizi həll edəcəyik, teatrlarımız daha da inkişaf edəcək”.
Nazir teatrın bütün kollektivini yubiley münasibətilə təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.
Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin müavini, Xalq artisti Hacı İsmayılov teatrda çalışan aktyorların fəaliyyətindən, sənət ocağının bu günədək sərf etdiyi yorulmaz əməkdən və qarşıda duran vəzifələrdən danışdı. Qeyd etdi ki, 25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişib. 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” pantomima teatr studiyası yaradılıb. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verilib.
Teatrın kollektivi Gürcüstan, Rusiya, Fransa, Türkiyə, Bolqarıstan, İran, Almaniya, Hollandiya, Avstriya və s. ölkələrdə qastrolda olub, maraqlı səhnə əsərləri ilə teatrsevərlərin diqqətini cəlb edib. Bu gün repertuarında 50-dən artıq tamaşa olan sənət ocağı tamaşaçıların maraqla izlədiyi teatrlardandır. Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və başqaları bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindən hesab olunur.
Çıxışlardan sonra Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi “Sehrli xalat” tamaşası təqdim olundu. 25 il ərzində yolu bu sənət ocağından keçən aktyorların böyük əksəriyyətinin rol aldığı yubiley tamaşası alqışlarla qarşılandı.
Həmidə NİZAMİQIZI