Xalq artisti Salman Qəmbərovun 60 illik yubiley gecəsi
Tanınmış cazmen, pianoçu, bəstəkar, Xalq artisti Salman Qəmbərov bu il 60 illik yubileyini qeyd edir. Onun musiqi yolunu seçməyi heç də təsadüfi deyil. Xalq artisti, opera müğənnisi Hüseynağa Hacıbababəyovun nəvəsidir. Valideynləri də musiqi ilə məşğul olublar.
Mayın 13-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan cazının canlı əfsanəsinin 60 illik yubileyinə həsr olunan “Cazın yazı” adlı gecə keçirildi.
Caz ifaçısı Tofiq Həsənsoy çıxış edərək bildirdi ki, ötən əsrin 60-cı illərində Azərbaycan caz musiqisində Vaqif Mustafazadə, Rafiq Babayev yaradıcılığı əsas yer tuturdu: “90-cı illərə qədər ölkəmizdə bir neçə caz festivalları təşkil edilib. Lakin ölkə həyatının mürəkkəb illərində bu sahədə bir qədər boşluq yaranıb. Ən əsası isə, gənc musiqiçilərlə yaşlı nəsil ifaçılar arasında körpü yox idi. Sonradan bu körpü Salman Qəmbərovun timsalında yarandı. Öz dəst-xəttini yaradan Salman Qəmbərov bu gün Azərbaycan cazını dünya səviyyəsində təbliğ edir”.
Gecənin təşkilatçısı, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov bildirdi ki, bu gün Salman Qəmbərov yaradıcılığı caz sənətində 3-cü yoldur - Vaqif Mustafazadə və Rafiq Babayevdən sonra yaranan yol. Qeyd olundu ki, yubilyar ad gününü geniş şəkildə qeyd etmək istəmədiyi üçün bu gecə ona caz ifaçılarının bir hədiyyəsidir: “Konsertin “Cazın yazı” adlanması da təsadüfi deyil. Bunun anlamı cazda qol-budaq atan yeni gəncliyə işarədir və bu gün Salman müəllimi gənc caz ifaçıları öz çıxışları ilə təbrik edəcəklər”.
Daha sonra yubiley gecəsi konsert proqramı ilə davam etdi. Gənc ifaçılar, sənətdə sözünü deyənlər və əlbəttə ki, yubilyarın ifası. Ənənəvi, etno-caz üslubunda olan hər çıxış və solo ifalar, improvizasiyalar tədbirə qatılan caz həvəskarları tərəfindən böyük alqış və sevgilərlə qarşılanırdı. Gecədə “Cəngi” estrada folklor ansamblı ilə yanaşı, səhnədə Əməkdar artist Tofiq Cabbarov, pianoda Elbəy Məmmədzadə, Nicat Aslanov, sintezatorda Afşin Əlizadə, nəfəs alətində Firudin Həmidov və digər musiqiçilər bir-birindən gözəl kompozisiyalar təqdim etdilər.
* * *
Yubileyini yığcam, dostların əhatəsində qeyd edən Xalq artisti ilə qısa söhbət etmək imkanımız oldu.
- Maraqlıdır, yubiley konsertinizdə ilk olaraq gənclər səhnədən sizi təbrik etdilər...
- Bəzən deyirlər ki, biz gedəndən sonra sənəti kim davam etdirəcək və yaxud filankəs getdi, onunla da hər şey bitdi. Bu cür yanaşma ilə razılaşmaq olmaz. Caz musiqisi Azərbaycanda 30-cu illərdən necə inkişafa başlayıbsa, bu gün də onun layiqli davamçıları olan gənc nəsil yetişməkdədir. Bu konsertdə cazla məşğul olan gənclərin hələ az bir hissəsi iştirak edir. Çoxu müxtəlif ölkələrdə səfərlərdə, festival və konsertlərdədir və bu da məni çox sevindirir. Çox şadam ki, bu gün gənclər caz sənətini və mədəniyyətimizi təbliğ edirlər.
- Yubileyinizi, demək olar, gizli şəkildə qeyd edirsiniz...
- Bu xarakterimdən irəli gəlir. Bu gün dostlar yığışaraq belə bir konserti təşkil etdilər. Tədbiri dostların təbriki də adlandırmaq olar. Məncə, əsas olan işimiz və bu sahədəki nailiyyətlərimizdir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Xalq artisti fəxri adına və Prezident mükafatına layiq görülmüşəm. Buna görə Prezidentimizə, mədəniyyətimizə daim diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm.
- Ad günlərinizdə ən çox nələr, hansı xatirələr yadınıza düşür?
- Hər zaman anamı xatırlayıram. O, həmişə sənətdə və həyatda məni dəstəkləyirdi. Musiqi sahəsinə gəlişimə, bu sahə ilə məşğul olmağıma da çox incəliklə yanaşırdı. Bir də müəllimlərimi, unudulmaz pedaqoq İsmayıl Hacıbəyovu və həyatda mənə dəstək olanları xatırlayıram.
- Sizcə, caz nədir?
- Caz mənim üçün azadlıqdır, sərbəstlikdir, həyat tərzidir. Mənim hobbim də cazdır, peşəm də cazdır.
- Sevənlərinizə ürək sözünüz...
- Əslində, dostlarım tərəfindən belə bir yubileyin keçirilməsi çox gözlənilməz oldu. Konsertdə iştirak edən dostlara, konsertin texniki heyətinə, işıqlandıran və təbrik edən media nümayəndələrinə minnətdarlığımı bildirirəm.
L.AZƏRİ