Ceyms Bond haqqında yeni filmin çəkilişləri dayandırılıb
Ceyms Bond haqqında sayca 25-ci filmin çəkilişləri baş rolu canlandıran Deniel Kreyqin aldığı zədə səbəbindən dayandırılıb.
Agent 007 Yamaykada qaçarkən ayağı burxulub. Bu səbəbdən D.Kreyq həkim müayinəsindən keçmək üçün ABŞ-a yola düşüb. Nəticədə filmin çəkiliş cədvəlində ləngimələr baş verib.
50 yaşlı aktyor sonuncu dəfə 2015-ci ildə “Agent 007: Spektr”də çəkilən zaman dizlərindən zədə aldığından rolunu yarımçıq qoymuşdu. O, bir daha bu filmə çəkilməyəcəyini desə də, onu yenidən razı sala biliblər. Bunun üçün aktyora 50 milyon sterlinq təklif olunub. Aprel ayında çəkilişləri başlanan filmin 2019-cu ilin sonunda ekranlara çıxacağı gözlənilir.
“Bondiana” filmlər silsiləsi 1962-ci ildən çəkilir. Britaniyalı yazar Yan Fleminqin qəhrəmanı olan Ceyms Bond müasir günümüzdə də ən çox filmlərdən tanınan və sevilən obrazlardan biridir.
Qeyd edək ki, indiyədək Ceyms Bond rolunu 6 aktyor oynayıb: Şon Konneri (1962-1967-1971), Corc Leyzenbi (1969), Rocer Mur (1973-1985), Timoti Dalton (1987-1989), Pirs Brosnan (1995-2002) və Deniel Kreyq (2006-2019). İndiyə qədər britaniyalı superagent barəsində çəkilmiş 24 filmin ümumi kassa yığımı 10 milyard dollar olub.
SƏBİNƏ