Mayın 14-də Fransanın Kann şəhərində ənənəvi beynəlxalq film festivalı işə başlayıb. Bu il 72-ci dəfə keçirilən festivalda əsas mükafat uğrunda 21 tammetrajlı film yarışır. Avropa 12, Şimalı Amerika 4, Asiya 3, Latın Amerikası və Afrika qitəsi isə bir filmlə festivalda iştirak edir.

Festival mayın 25-dək davam edəcək. Meksikalı rejissor Alexandro Qonsales İnarritunun sədrlik etdiyi jüri “Qızıl palma budağı” və digər mükafatların sahiblərini müəyyən edəcək.

Kinofestivalın fəxri “Qızıl palma budağı” mükafatının sahibi isə artıq məlumdur. Bu il fəxri mükafat dünya kinematoqrafiyasında xidmətlərinə görə görkəmli fransız aktyor və rejissoru Alen Delona təqdim olunacaq.

Festivalın müsabiqədənkənar əsas proqramında fransız kinorejissoru Klod Leluşun “Ömrün ən gözəl illəri” filmi nümayiş olunacaq. Film məşhur “Kişi və qadın” kinonovellasının davamı kimi ekranlaşdırılıb. Baş rolda italyan aktrisa və model Monika Belluççi çəkilib.

Qeyd edək ki, Kann kinofestivalı ilk dəfə 1946-cı ildə sentyabrın 20-dən oktyabrın 5-dək keçirilib. Sonradan festivalın vaxtı dəyişdirilərək, may ayında keçirilməyə başlanıb. Kann festivalı Avropada üç əsas film festivalından (Berlin və Venesiya festivalları ilə birlikdə) biridir.

LALƏ