Mayın 16-da Bülbülcan adına Şuşa şəhər Uşaq musiqi məktəbi şagirdlərinin 2018-2019-cu tədris ilinin yekunlarına dair hesabat konserti keçirildi.

28 May - Respublika Gününə həsr olunan tədbir Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda gerçəkləşdi.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək qurumun həyata keçirdiyi musiqi layihələri barədə danışdı. Qeyd etdi ki, layihələr ölkəmizin hüdudlarından kənarda da tanınır, ədəbiyyat və mədəniyyətimizə münasibətimizi əks etdirir: “Biz hər zaman gənclərin, xüsusilə də musiqi məktəblərində oxuyan şagirdlərin təhsilini, dünyagörüşünü, mənəvi dünyasını və zövqünü diqqətdə saxlayırıq. Şuşa Uşaq musiqi məktəbi də bizim diqqət mərkəzimizdədir. Mütəmadi şəkildə onların konsertlərini keçiririk”.

Sonra musiqi məktəbi şagirdlərinin ifasında S.Rüstəmovun “Ana Vətən”, T.Quliyevin “Zibeydə”, Ə.Abbasovun “Gənclik rəqsi”, S.Raxmaninovun “Polişinel”, A.Məlikovun “Türk qızlarının rəqsi”, “Skerso”, R.Lovlandın “Adajio”, Motsartın “Rondo”, S.Ələsgərovun “Vətənimdir”, Ü.Hacıbəylinin “Ərəb marşı”, “Leyli və Məcnun” operasından “Rəqs” və s. əsərlər səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.

Sonda məktəbin direktoru və konsertin bədii rəhbəri Raqif Məhərrəmov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

S.FƏRƏCOV