Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində “Balet – ömrüm mənim” sənədli filminə baxış keçirilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilmiş film Azərbaycanın görkəmli balet ustaları – xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova həsr olunub. Ekran əsərinin ssenari müəllifi Raya Abbasova, rejissoru Gülər Tokgözdür.
Filmin nümayişindən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin ev-muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva çıxış ediblər.
Ssenari müəllifi, musiqişünas Raya Abbasova sənədli filmin çəkiliş prosesi haqqında danışıb.
Filmdə Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri – SSRİ xalq artistləri Yuri Qriqoroviç, Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, SSRİ Xalq rəssamı Tahir Salahov, SSRİ Xalq artisti, opera müğənnisi Fidan Qasımova, Xalq yazıçısı Anar, Xalq artisti, dirijor Rauf Abdullayev, Xalq artisti, bəstəkar Fərəc Qarayev və başqaları Rəfiqə Axundova və Maqsud Məmmədov haqqında xatirə və fikirlərini bölüşürlər.
Filmə baxışdan sonra ekran əsərinin qəhrəmanları, Azərbaycan baletinin canlı əfsanələri Rəfiqə Axundova və Maqsud Məmmədov ürək sözlərini söyləyiblər.