Fransanın Strasburq şəhərində Xalq yazıçısı Çingiz Abdullayevin “Şübhəsiz metamorfoz” kitabının təqdimat mərasimi və ədibin oxucularla görüşü keçirilib. Mərasimdə Strasburq Universitetinin professor heyəti, Avropa institutlarının əməkdaşları, yerli ictimaiyyətin təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin moderatoru – vəkil və professor Tyeri Edmondun giriş sözündən sonra ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov çıxış edib. O, Fransada soydaşlarımızın qurduğu “Kəpəz” nəşriyyat evinin Azərbaycan ədəbiyyatının fransızdilli oxuculara tanıdılması sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Səfir Çingiz Abdullayevin növbəti kitabının Fransada nəşr edilməsinin qürur və sevinc doğurduğunu bildirib, yazıçının ölkəmizin dünya miqyasında tanıdılmasında rolundan bəhs edib.

Moderator Tyeri Edmond Ç.Abdullayevin zəngin tərcümeyi-halı barədə ətraflı danışıb. “Kəpəz” nəşriyyat evinin əməkdaşı Asiya Məmmədova tərəfindən tərcümə olunmuş kitabını imzalayaraq oxuculara təqdim edən yazıçı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.