İsrailin Təl-Əviv şəhərində təşkil olunan “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin qalibi Niderland təmsilçisi Dunkan Lourens olub.
“Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı altında təşkil olunan yarışmanın yarımfinalları mayın 14-də və 16-da keçirilib. Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda çıxış edib.
Müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin birinci yarımfinalının nəticəsinə görə, 10 ölkənin (Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya) təmsilçisi finala çıxıb.
İkinci yarımfinalda Azərbaycan təmsilçisi ilə yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar.
Mayın 18-də Təl-Əviv şəhərindəki Sərgi mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Yarışmada Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb. İkinci yeri İtaliya, üçüncü yeri Rusiya təmsilçisi tutub. Qeyd edək ki, Rusiya müğənnisi Sergey Lazarev 2016-cı ildə də “Eurovision” müsabiqəsində ölkəsini təmsil etmiş və o zaman da 3-cü olmuşdu.
Niderland isə 58-ci dəfə qatıldığı “Eurovision” mahnı yarışmasından 5-ci dəfə qalib ayrılıb.
Beləliklə, 2020-ci ildə keçiriləcək sayca 65-ci “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə Niderland ev sahibliyi edəcək.
SƏBİNƏ