Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan dramaturgiyasının banisi, mütəfəkkir ədib Mirzə Fətəli Axundzadənin həyatından bəhs edən “Sübhün səfiri” filminin təqdimatı keçirilib. 2013-cü ildə dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən ekran əsərinin ssenari müəllifi, Xalq yazıçısı Anar, quruluşçu rejissoru, Xalq artisti Ramiz Həsənoğlu və baş rolun ifaçısı, Xalq artisti Rasim Balayev mərasimdə iştirak ediblər.
Azərbaycanın Macarıstandakı səfirliyində keçirilən görüşdə çıxış edən səfir Vilayət Quliyev XIX əsr Azərbaycan və bütövlükdə Şərq mədəniyyətinin, ictimai fikrinin tarixində Mirzə Fətəli Axundzadənin yeri və rolu haqqında danışıb. Filmin ssenari müəllifi Anar, rejissor Ramiz Həsənoğlu və baş rolun ifaçısı Rasim Balayev ekran əsəri üzərində iş barədə danışıblar.
Budapeştdəki Azərbaycan icmasının nümayəndələrindən Svetlana Abdullayeva, Vüqar Seyidov, Ramiz Əmirli, Macarıstandakı Türk İş Adamları Dərnəyinin rəhbəri Osman Şahbaz iki ölkənin və ümumilikdə Macarıstanla türk dünyasının mədəni əlaqələrini daha da genişləndirməyin zəruriliyini vurğulayıblar. Filmin yaradıcı heyətinin üzvləri görüş iştirakçılarının suallarını cavablandırıblar.