“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olundu

Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi mayın 17-də Beynəlxalq Muğam Mərkəzində keçirildi.

Əvvəlcə tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov mükafat haqqında məlumat verdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən 2009-cu ildə təsis olunan və iki ildən bir verilən mükafat çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Budəfəki mükafat üçün əsərlərin qəbulu 2018-ci ilin avqust ayında başlanıb və bu il martın 29-da qəbul yekunlaşıb. Müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.

Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadan ibarət mükafat komissiyası tərəfindən bütün əsərlər oxunaraq hər nominasiya üzrə qiymətləndirilib. Beş nominasiya üzrə əsas mükafatla yanaşı, daha iki əsərə “Şans” mükafatının verilməsi məqsədəuyğun hesab edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev artıq 6-cı ildir təqdim edilən mükafatın ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını dedi: “Bu mükafat ədəbiyyatımıza, kiçik də olsa, öz töhfəsini verir. Cəmiyyətdə ədəbi proseslərin stimullaşdırılması dövlətimiz tərəfindən həmişə diqqətdə saxlanılır. Bu siyasət ulu öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayaraq müxtəlif yaradıcılıq ittifaqlarına yardımlar, onların fəaliyyətinin genişləndirilməsi istiqamətində davam etmişdir. Prezident İlham Əliyev tərəfindən bütün yaradıcı ittifaqlara verilən dəstək, maliyyə yardımı və digər qərarlar prosesin daha da geniş şəkildə aparılmasına böyük təkan verir. Ümumiyyətlə, Azərbaycanda ədəbiyyat və incəsənət həmişə dövlətimizin diqqət mərkəzində olub. Heydər Əliyev Fondu və müxtəlif dövlət qurumları tərəfindən keçirilən müsabiqələr, festivallar, kitab bayramları, təqdimatlar, sərgilər mədəni həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də fürsətdən istifadə edib bütün yaradıcı insanların adından ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm. Son iki ayda mədəniyyət sahəsində verilən sərəncamlar sənət adamlarının ruh yüksəkliyinə səbəb olur, yaradıcı ittifaqlar üçün yeni imkanlar açır”.

Nazir “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülən əsərləri ideya-bədii cəhətdən yüksək qiymətləndirdi: “Bu əsərlər müasir Azərbaycan ədəbiyyatının mənzərəsini ifadə edir. Ədəbiyyat yaşayır və onun inkişafı cəmiyyətin tərəqqisi ilə paralel gedir. Mükafatın siyahısında gənc ədəbi nəslin yaradıcılığının stimullaşdırılması üçün nəzərdə tutulan “Şans” ödülü də var. Bu mükafat gənc müəlliflərin qarşısında üfüqlər və imkanlar açır”.

Əbülfəs Qarayev ədəbiyyat nümayəndələrinə mədəni irsimizi təbliğ edən əsərlər də yazmağı tövsiyə etdi. Dedi ki, ölkəmizin tarixi-mədəni zənginliyi yaradıcı insanlar üçün geniş mövzu, material verir. Qalib müəllifləri təbrik edən nazir ədəbiyyat adamlarının muzeylərimizə tez-tez baş çəkmələrini, bu zəngin mirasdan ilham almalarını arzuladı.

Daha sonra qaliblərə mükafatlar təqdim edildi.

“Nəsr” nominasiyası üzrə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Mübariz Örənin “Balıq gülüşü” əsərləri, “Poeziya” nominasiyasında Salam Sarvanın “Heykəl tənhalığı”, Vaqif Bəhmənlinin “Qansız savaş” və İbrahim İlyaslının “Şair olmaq zülümdü” şeir kitabları mükafata layiq görüldü.

“Ədəbi tənqid və publisistika” nominasiyası üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabları, “Orijinaldan bədii tərcümə” nominasiyasında Vilayət Hacıyev Haynrix Böllün “Kişisiz ev” romanına, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanına görə mükafatlandırıldı.

Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları “Uşaqlar üçün yazılmış bədii əsərlər” nominasiyasında mükafat aldı.

Müsabiqənin “Şans” ödülü isə Şahanə Müşfiq (“Şahanənin nağılı”) və Sadıq Qarayevə (“Sahibsiz kölgələr”) təqdim olundu. Bütün qaliblərə diplom və pul mükafatı verildi.

Qalib müəlliflər çıxış edərək ədəbiyyat sahəsinə və yaradıcılıqlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə etdilər. Münsiflər heyətinin üzvləri – Xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova mükafatın ədəbiyyatımızın inkişafına xidmət etdiyini diqqətə çatdırdılar.

Sonda xatirə şəkli çəkdirildi.

LALƏ