Mayın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli rəqqasə və baletmeyster, Xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr edilən yubiley gecəsi keçirildi.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından yubilyarı təbrik etdi. Nazir diqqətə çatdırdı ki, dövlət başçısının mayın 16-da imzaladığı sərəncamla Roza Cəlilova Azərbaycan rəqs sənətinin inkişafı və təbliğində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Nazir çıxışına davam edərək görkəmli sənətkarın yaradıcılığından danışdı. Bildirdi ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. O, peşəkar fəaliyyətə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında başlayıb, qısa müddətdə xalqın sevgi və rəğbətini qazanıb. Vurğulandı ki, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından biri kimi tanınan Roza Cəlilova öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut edib. Onun repertuarında milli rəqslərimizlə yanaşı ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də mühüm yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanada, Çin, ABŞ, Türkiyə, Mərakeş və digər ölkələrdə qastrol səfərlərində olub. Hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan sənətçi milli rəqs sənətimizi tamaşaçılara sevdirə bilib və mədəniyyətimizin təbliğində xidmətlər göstərib.
Diqqətə çatdırıldı ki, Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olub, kütləvi xalq rəqslərinə gözəl quruluşlar verib. Rəqqasə kimi onun ən üstün cəhəti professional rəqslə folkloru birləşdirməsi olub, hər bir rəqsində (“Ağ çiçək”, “Lalə”, “Bənövşə”, “Qəşəngi” və s.) mükəmməl, bitkin bir sənət əsəri yaradıb.
Nazir onu da qeyd etdi ki, rəqqasə parlaq ifaçılıqla yanaşı, uzun illər xoreoqraf kimi fəaliyyət göstərib. 1989-cu ildə yaradılan “Gülüstan” mahnı və rəqs ansamblı isə tam mənada Roza Cəlilovanın sənət yoldaşı olub. Ansambl qısa zamanda populyarlıq qazanaraq xarici ölkələrdən dalbadal dəvətlər alıb. “Gülüstan” ansamblı ilə bərabər Roza Cəlilova Bakı Dövlət Universitetinin nəzdində olan “Sevinc” rəqs ansamblına da rəhbərlik edib. Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Roza Cəlilova 1959-cu ildə Əməkdar artist, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsüdür.
Tədbir iştirakçılarını salamlayan Roza Cəlilova əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə və birinci xanıma öz minnətdarlığını bildirdi. Diqqətə çatdırdı ki, bundan sonra da Azərbaycan rəqslərinin təbliğinə çalışacaq.
Gecədə əməkdar artistlər Ehtiram Hüseynov, Elza Seyidcahan yubilyarı musiqi nömrələri ilə təbrik etdilər. Sonra sənətkarın quruluş verdiyi “Müleyli”, “Humayun rəngi”, “Zəriflik rəqsi”, “Ağ çiçək”, “Şənlik” rəqsləri, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və İranın “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qruplarının ifasında “Rus rəqsi”, “Vals”, “Balakən rəqsi”, “Özbək rəqsi”, “Qaval rəqsi”, “Lirik rəqs”, “Qaytağı”, “Yüzbiri”, ”Qarabağ” və digər rəqslər təqdim edildi. Çıxışlar alqışlarla qarşılandı.
Savalan FƏRƏCOV