Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədova həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirildi. “Milli Qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında çəkilən filmin rejissoru Çingiz Həsənovdur.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən əsrin 90-cı illərinin əvvəllərində erməni qəsbkarlarının xalqımızın başına gətirdiyi müsibətlərdən söhbət açdı. “Müstəqilliyi əldə etmək asandır, amma onu qoruyub saxlamaq çətindir. Müstəqilliyimiz uğrunda, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan hər bir şəhid bizim üçün əzizdir. Bu ölkədə yaşamağımızın ən vacib səbəblərindən biri də məhz bizim şəhidlərimizdir. Seymur Məmmədov kimi qəhrəmanlarımız olmasaydı, bu gün bilmək olmazdı Azərbaycan hansı vəziyyətdə idi. Hər birimizin də borcudur ki, şəhidlərimizi qəlbimizdə yaşadaq, onları uca tutaq”, - deyə Vaqif Əliyev qeyd etdi.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında vurğuladı ki, həqiqətən də şəhidlər varsa, demək vətən də, var. Şəhidlər xalqımızın qürur və inam yeridir: “Möhtərəm Prezidentin ötən il seçkilərdən sonra imzaladığı ilk sərəncam şəhid ailələri ilə bağlı idi. Sərəncama əsasən şəhid ailələrinə birdəfəlik yardım göstərildi. Ondan öncə və sonra da dövlət başçısı şəhid ailələrinə sosial qayğının artırılması ilə bağlı sərəncamlar imzalayıb. Bu yaxınlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Aprel döyüşlərinin qəhrəmanları ilə çox səmimi görüşü oldu. Müharibə veteranları, şəhid ailələri daim dövlətimizin diqqət mərkəzindədir”.

Filmin rejissoru Çingiz Həsənov çıxış edərək bildirdi ki, bu cür ekran əsərlərinin məqsədi respublikamızın  ərazi bütövlüyü uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.

Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşid Babayeva çıxış edərək şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin təşkilatçı və iştirakçılarına  təşəkkür etdi.

 Çıxışlardan sonra Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filmi nümayiş olundu.

Seymur Məmmədov 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Almaniya və Ukraynada keçib. Ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb. Seymur bir neçə kəndin azad edilməsində qəhrəmanlıq göstərib. 1992-ci il aprelin 1-də Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə igidlik göstərən Seymur 21 yaşında qəhrəmancasına şəhid olub. Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

SAVALAN