Ənənəvi olaraq ölkəmizdə qeyd edilən 18 may – Beynəlxalq Muzeylər Günü bu il daha geniş miqyası əhatə edən tədbirlərlə, yeni layihələrlə yadda qaldı.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) tövsiyəsi ilə bu il əlamətdar gün “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” mövzusuna həsr edilmişdi.
Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Bakıdakı Park Bulvar AVM-in dəstəyi ilə 17-19 may tarixində “Muzeylər Park Bulvarın qonaqlarıdır” adlı tədbir gerçəkləşdi.
Tədbirin mayın 17-də keçirilən açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, digər rəsmilər, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə muzeylərin nümayiş etdirdiyi eksponatlarla tanış oldular.
Mərasimdə çıxış edən Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova diqqətə çatdırdı ki, üç gün davam edəcək tədbirə Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçərişəhər” Muzey Mərkəzi, həmçinin Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Bülbülün, Leopold və Mstislav Rostropoviçlərin xatirə və ev-muzeyləri, Azərbaycan Gömrük Tarixi Muzeyi qatılıb. Layihə çərçivəsində iştirakçı muzeylər müxtəlif proqramlar təqdim edəcəklər.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə, o cümlədən muzeylərdə “açıq qapı” günləri ilə qeyd edilir. Nazir muzeyləri xalqımızın tarixini, mədəniyyətini özündə qoruyub saxlayan, insanlara təqdim edən böyük bir xəzinə adlandırdı: “Muzey eksponatları – xalqımızın bu böyük mədəni sərvəti təkcə muzeylərdə deyil, belə məkanlarda da nümayiş olunmalıdır. İnanıram ki, bu tədbir təkcə paytaxt sakinlərinin deyil, şəhərimizin qonaqlarının da marağına səbəb olacaq”.
Əbülfəs Qarayev belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd etdi, muzey ictimaiyyətinə əlamətdar gün münasibətilə təbriklərini çatdırdı.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Park Bulvar AVM-in rəhbəri Əli Yüksəl, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən, günün builki mövzusunun aktuallığından söz açdılar. Bildirildi ki, muzeylər ənənəvi mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan xalqının zəngin mədəni irsini qorumaqla yanaşı, həm də təbliğ edirlər.
Tədbir daha sonra konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, layihəyə qoşulan 12 muzey üç gün ərzində Park Bulvar AVM-də öz stendlərini, müxtəlif proqramlarını təqdim ediblər.
F.HÜSEYNOV