Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında görkəmli bəstəkar, SSRİ Xalq artisti, Soltan Hacıbəyovun 100 və onun oğlu bəstəkar, pedaqoq İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş “Gənc musiqiçilərin respublika festivalı”na yekun vurulub.
Festivalda 16 şəhər və rayondan 160-a qədər gənc musiqiçi iştirak edib. Onlar üç yaş qrupu və iki nominasiya – fortepiano və vokal üzrə çıxış ediblər.
Akademiyanın rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 13 iştirakçı müsabiqənin laureatı adına layiq görülüb. İştirakçılardan 39 nəfəri diplomant adını qazanıb.
Tədbirdə BMA-nın məktəb-studiyasının Uşaq musiqi teatrının təqdimatında Soltan Hacıbəyovun “İsgəndər və çoban” operasının yeni versiyasının tamaşası nümayiş olunub. Sonda festival laureatlarının ifası dinlənilib.