Mayın 23-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, pedaqoq, professor, SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın yaradıcılığından danışdı. Bildirdi ki, gənc yaşlarından yaradıcılığa başlayan bəstəkar “Gülşən” baleti, “Qızılgül” musiqili komediyası, simfoniyalar, orkestr üçün konsert, bir çox mahnı və romansların müəllifidir. O, həmçinin uşaqlar üçün “İsgəndər və çoban” operası və şən mahnılar yazıb.

Soltan Hacıbəyov 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib, 1969-1974-cü illərdə bu təhsil ocağının rektoru olub.

Bəstəkar, Xalq artisti Azər Dadaşov çıxış edərək S.Hacıbəyovun musiqi xəzinəmizə verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, 1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuara daxil edilir...

Çıxışlardan sonra bu günlərdə Bakı Musiqi Akademiyasında keçirilən, Soltan Hacıbəyovun 100 və onun oğlu bəstəkar İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş “Gənc musiqiçilərin respublika festivalı”nın laureatları və diplomantlarının ifalarında konsert proqramı təqdim edildi.

Soltan Hacıbəyovun ailəsi adından çıxış edən Xalq artisti Ülviyyə Hacıbəyova tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür etdi.

S.FƏRƏCOV