Sumqayıtın “Kimyaçı” mədəniyyət sarayında görkəmli detektiv yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşin iştirakçıları yazıçı ilə açıq və səmimi dialoqa girərək, onun əsərləri barədə fikirlərini, arzu və təkliflərini bildiriblər.
   Oxucuları ilə söhbət zamanı Çingiz Abdullayev məlumat verib ki, əsərləri 27 dilə tərcümə edilib, 30-dan artıq ölkədə nəşr olunub. 140 roman və povestin müəllifi olan Xalq yazıçısının əsərləri əsasında onlarla film və serial çəkilib. Onun kitablarının ümumi tirajı artıq 25 milyonu keçib. Görkəmli yazıçı sumqayıtlılarla görüşündən, onların mütaliə və intellekt səviyyəsindən son dərəcə məmnun qaldığını bildirib, oxuculara avtoqraf verib, onlarla birgə xatirə şəkilləri çəkdirib.