Beynəlxalq Muğam Mərkəzində (BMM) məşhur qarmon ifaçısı Əhəd Əliyevə (Kor Əhəd) həsr olunmuş “Qarmonun əfsanəsi” kitabının təqdimatı keçirilib.

BMM-in “Unudulmayanlar” layihəsi çərçivəsində çap edilən kitabın müəllifləri Gülhüseyn Kazımlı və Aleksandriya Sevinc Sultanzadə-fon Brüseldorfdur.

Kitabın redaktoru, akademik Nizami Cəfərov qeyd edib ki, Kor Əhəd qarmonu Azərbaycan musiqisinə uyğunlaşdıran ilk musiqiçidir. Ötən əsrin 60-cı illərində qarmon dəbdə olduğundan çoxsaylı qarmonçular yetişib və onlar Əhəd Əliyevin sənətini davam etdiriblər.

Xalq artisti Ənvər Sadıqov bildirib ki, Kor Əhədin çalğısı məlahətli olduğundan vokalçıya ehtiyac qalmayıb. O özündən sonra Teyyub Dəmirov, Aftandil Sadıqov, Məmmədəli Abdullayev və s. məşhur ifaçılar yetişdirib.

Əməkdar artist, qarmon ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyev vurğulayıb ki, məhz Əhəd Əliyevin sayəsində qarmon Azərbaycan musiqi alətinə çevrilib və 1932-ci ildə Əhəd Əliyevin təşkilatçılığı və rəhbərliyi ilə “Şərq qarmonçalanları” ansamblı yaradılıb.

ABŞ-da opera müğənnisi, pedaqoq kimi çalışan Kor Əhədin nəticəsi Aleksandriya Sevinc Sultanzadə-fon Brüseldorf sənətkarın 125 illiyinə həsr olunmuş kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən Beynəlxalq Muğam Mərkəzinin, “Mədəniyyət” kanalının rəhbərliyinə təşəkkürünü bildirib.