iki şeyə görə minnətdaram: 1 – ispanam, 2 – Salvador Daliyəm!”...

Uşaqlığını (hər kəsin “mütləq tabeçilik” dövrü...) ailənin diqqətini cəlbetmə mübarizəsilə keçirib bu dahi.

Altı yaşında sətəlcəmdən ölən, şəkli valideynlərinin yatağı başında İsa peyğəmbərlə yanaşı asılan Salvador adlı tam oxşar qardaşından 3 il sonra dünyaya göz açan bu Salvador (hə, bu zavallı “biganəlik hədəfi” o sevimli mərhumun adını daşımaq məhkumiyyətini də çəkməli olub) xatirələrində yazacaqdı: “Doğulantək, büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə başlamışam. Məni sevələrkən belə, məhz onu sevirdilər. Bu, mənim körpə qəlbimi yaman yaralayırdı...”

Sənət cameəsindəki “bəzi dahilərin şəxsi həyatı əsərlərindən daha maraqlı olur” qənaətinə istinadən, öncə (və daha çox), şedevrləri Azərbaycan sənətsevərlərinə də yaxşı tanış olan bu rəssamın –

 

Yaşam “yaradıcılığı”ndan...

 

11 may 1904-cü ildə İspaniya şimalında (Jerona əyaləti, Fiqeras şəhəri) anadan olmuş bu gələcək dahinin düçar olduğu “qardaş qısqanclığı” bəs deyilmiş kimi, yeni doğulan bacısı da sığal-tumarda onu üstələyir və diqqəti cəlbetmə cəhdləri Dalidə xroniki xəstəliyə çevrilir. On yaşındaykən böyük bir acıqla çəkib, adını “Xəstə uşaq” qoyduğu rəsm də onun “doğma qisas” hissini soyutmur və bu mənəvi-psixoloji patologiya onu bütün ömrü uzunu müşayiət edir...

Bu ömür rəssamlıq kursu ilə başlayır, müqtədir müəllimlərdən rəssamlığın müxtəlif cərəyanlarını dərindən öyrənmələrlə davam edir, on beş yaşındaykən yay tətilində olduğu Kadakes şəhərində ilk şəxsi sərgisi açılır. Çoxsaylı səfərlərində Freyd, Sveyq, Pikasso, Bunyuel, Lorka və b. ilə yaxından tanışlıq-dostluqlarla zirvələnir...

Amma həm də öz eqoizm, “özünütəsdiq” çılğınlığıyla hər kəsi bezdirmə, rəssamlıq akademiyasından xaricedilmə və s.  

Lakin həmin “xaric”də canlı akademiyalarla uğraşıb ki, onlardan – Paris səfərində tanış olduğu Pikasso və Mironun adlarını çəkmək kifayətdir. Canında-qanında “ətrafınasirayət” nəfsilə bahəm, sonsuz “sənət axtarışı” keyfiyyəti də gəzdirən bu gənc, öz bənzərsiz stilini tapanadək həmin nəhənglərin təsirilə bir sıra maraqlı əsərlər yaradıb, “cazibədar çabalar”ıyla incəsənət ictimaiyyətinin diqqət mərkəzinə düşüb. İyirmi beş yaşında yazdığı ssenarinin (məşhur rejissor Bunyuelin “Əndəlüs köpəyi” filminə) mükəmməlliyisə ölkə mətbuatının hər dönəmində vurğulanıb.

Mülahizələrindən tutmuş davranışlarınadək –

 

Qəribə dahi

 

 “Əgər düşmənlərim olmasaydı (şükür Allaha ki, onlar “kifayət” qədərdir!), mən bu gün olduğum insan olmazdım” sayağı “xaotik” qənaətlər müəllifi kimi tanınan bu rəssam sürrealistlərin London sərgisinə dalğıc kostyumu ilə gedib...

Qaynar avqust səhərlərinin birində bir tikə “kamamber pendirini nəzərdən keçirərkən ətrafına “tam dəli” təsiri bağışlayan bu adam qəflətən molbert arxasına keçir və bir həftə sonra qəzetlərdən birində “Eynşteynin nisbilik nəzəriyyəsinin təəssüratları altında “Yaddaşın daimiliyi” adlı dahiyanə tablo müəllifi” sözlərilə başlanan geniş bir məqaləyə rəvac verir...  

1936-cı ildə Frankonun başlatdığı (tezliklə vətəndaş müharibəsinə çevrilən) hərbi münaqişə illərində S.Dalinin İspaniyada “sakitcə yaşayıb-yaratma” intixabı, onunla solçu düşüncəli sürrealist yoldaşları arasında fikir ayrılığına səbəb olur və o, dəstədən xaric edilir. Bu “vulkan-adam” isə, bu təzyiqi “Sürrealizm – mənəm!” üsyankarlığıyla qarşılayır.

“Məni elə “format”da dəfn edin ki, insanlar məzar-məkanda rahat gəzə bilsinlər” vəsiyyətinə sayğılılar onun cəsədini Fiqeras şəhərində yerləşən “Dali muzeyi”nin divarına hörmüşlər... 

Qadınlara diqqət “yaradıcılığı” məsələsində çox da istedadlı olmayan (bu qarşılığa yalnız fantaziya təkanvericisi kimi baxan) Dalini 1926-da tanış olduğu (yaşca xeyli böyük) Qala adlı bir xanım (rusiyalı məşhur vəkilin qızı, tanınmış fransız şairinin həyat yoldaşı) dəyişir. Ancaq… bizim zərb-məsəllər “arşınıyla” təfsir etsək, “su axıb, çuxurunu tapıb”mış: “dəlicəsinə vurulanlar” adı qazanan bu cütlüyün hər ikisi dəlisov, hər biri xoş bir an üçün uzun gələcəklərdən imtinaya hazır... 

Öz halalı Qaladan uşağı olmadığından, 325 milyon avroluq əmlakı hökumətə keçib və... dörd il (2015) öncə qəfildən meydana çıxan bir xidmətçi qızının bu dahinin nəşinə “atalıq” (varidatına sahiblik...) iddiası ilə məhkəmə! Ardınca da, aşırı ədalətpərvər bir hakim tərəfindən Dalinin bioloji qalıqlarının eksqumasiya edilməsilə bağlı “daşdankeçən” qərar. Bəli, 1956-cı ildə Girona şəhərində doğulmuş həmin ispan qadının 2015-də irəli sürdüyü iddiaya görə, 1955-də rəssam Dali onun qonşuluqda xadimə işləyən anası ilə yaxınlıq edib. “Anam Antonina Cadaques mənə bir neçə dəfə deyib ki, Dali sənin atandır”. Ovaxtlar bu olayı özünün “ən uzunsürəli gündəmi”nə çevirmiş İspaniya mediası isə hələ də vurğulamaqda ki, əgər bu iddia təsdiqlənərsə, Maria Pilar Martinez tək elə milyonlara yox, həm də dünyanın ən məşhur soyadlarından birinə sahib olacaq...  

 

Bu fırça azmanı –

 

tarixə söz (“hərflər alliterasiyası”) gedişlərilə də düşüb ki, onlardan (əlbəttə, ispan qrafikasından digərlərinə dəyişimlərlə) bir neçəsinə diqqətlənək: “M. - Mən narkotik qəbul etmirəm... mən özüm narkotikəm”. “Ə. - Əziyyət çəkəndə əylənirəm”. “Q. - Qadını bütün qəlbinlə sevməyə dəyməsə də, sevməmək alınmır”. “T. - Taleyə iki şeyə görə minnətdaram: 1 - ispanam, 2 – Salvador Daliyəm!”. Və... bizim dilimiz və adlara ayamaqoşma məzaqımız (Dali – dəli) üçün “göydəndüşmə” kimi səslənən – “D. - Dəlilərlə mənim aramdakı yeganə fərq, onların öz dəliliklərini dilə gətirməmələri ilə mənim etiraf etməyimdədir”...

Bir neçə abzas da –

 

Sənət yaradıcılığından

 

Bəlli olduğu kimi, Fransada simvolizm-ekspressionizm birgəliyindən təşəkkül tapan (əsasən Z.Freyd konsepsiyasına istinad edən) sürrealizm (realizm fövqü) cərəyanının daşıyıcıları instinktləri, xəstə əhval-ruhiyyə, qeyri-standartlıq, sayıqlama, hətta dəhşətli qarabasmaları belə bədii yaradıcılığın vacib estetik prinsipi sayır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. Banilərindən biri “ruhi xəstələr əsl sürrealistlərdir” qənaətində bulunmuş, fransız filosof Berqson isə ruhun ağıldan daha üstün olduğunu bildirmişdir.

Bu izah-izharlarda müəyyən ironik çalarlar olsa da, deyək ki, sürrealizm öz forma zənginliyi, genişliyi, azad-asudə yanaşma sərbəstliyilə kubizm və abstraktsionizmi asanlaşdırmış, metod-texnika çərçivəsizliyilə ümumdünya sənət yaradıcılığına xeyli təsir etmişdir. Məsələn (yazımın əsas predmetinə müvafiqlik baxımından), ispan rəssamı Ruan Mironun yaratdığı gözlənilməz forma və rənglər aləmi... Salvador Dali isə bu cərəyanın dahi generatoru...

Bu sənətkar öz real-irreal xatirə və xülyalarının diqtəsilə “inşa”layıb, sehrləyici motivlərlə süslədiyi yeni bir kağız-kətan dünyası yaratmışdır: napnazik kağızlar üzərində uçuşan kəpənəklər, az qala çıqqıltıları da eşidilə-eşidilə qaçışan saat əqrəbləri, əzalarında siyirtmələr daşıyan insanlar, fəza seyrində gəzişən əşyalar, əsrarəngiz nəqllər söyləyən “Yanan zürafə”, “Vətəndaş müharibəsi”, “Payız hanniballığı”...

Bu əfsanəvi rəssamın 1943-də yaratdığı və dünya incəsənəti tarixinə ən sirli əsərlərdən biri kimi daxil olan “Geopolitik uşaq yeni insanın doğulmasına baxır” əsərindəki (bəzi mütəxəssislərin – ortasından çatlamış “yumurta-qlobus”u İkinci Dünya müharibəsinə parodiya hesab etdiyi) nüanslardan bir çoxu deşifrə olunsa da, bu parlaq rəsmdəki qadının barmağını Bakı şəhərinə (bəlkə, qarşı illərdə dünyanın neftdən asılı vəziyyətə düşəcəyinə?) tuşlamasının “nədən”i hələ də qaranlıq qalır...

 

Və qəribə ölüm...

 

Yaşı əllini haqladığı vaxtdan “sevimli Kataloniya”sında məskunlaşan Dalidə parkinson xəstəliyi baş qaldırır, Qalanın vəfatı isə ona daha ağır təsir edir, həyat bağımını üzür. Fiqerasdan köçüb, bir vaxt (evləndiyindən 24 il sonra rəsmi nikaha girdiyi) sevimli Qalası üçün aldığı qəsrdə yaşamağa başlayır. 1984-də yataq otağında müəmmalı bir yanğın baş verir (bunu intihar cəhdi hesab edənlər də olur), lakin xidmətçiləri onu xilas edə bilirlər.

Yenidən Fiqerasa qayıdıb, öz adını daşıyan teatr-muzeydə yaşayan sənətkar 1988-in noyabrında infarkt keçirir, xəstəxanaya yerləşdirilir və... uzun illərin gündəlik “diqqət mərkəzi”ndən asta-asta unudulma fəslinə düşən rəssamı Kral Karlosun özü ziyarət edir.

Həyatı boyunca 1500-dən çox rəsm, neçə-neçə heykəl, barelyef-qorelyef, daş üzərində müxtəlif səpkili əsərlər, kitab illüstrasiyaları, teatr dekorları müəllifi olan bu böyük sənətkarın ölüm məkanı da adınalayiq olur; çox sevdiyi “Tristan və İzolda” operasına tamaşa edərkən. Ürək çatışmazlığından...

Tahir ABBASLI