Maraqlı layihələri, yaddaqalan tədbirləri ilə nəinki kitabsevənlərin, ümumilikdə sənətə bağlı insanların sevimli məkanına çevrilən Bakı Kitab Mərkəzində daha bir yaddaqalan görüşün qonağı görkəmli aktyor, Xalq artisti Rasim Balayev oldu...
Bu cür canlı ünsiyyətdən hədsiz xoşbəxt olduğunu deyən sənətkar sözə təşkilatçılara təşəkkürlə başladı və görüşə bu qədər insanın gələcəyini təsəvvür etmədiyini dedi: “Mənimlə bu günədək bir çox görüşlər olub. Amma burada – kitab mərkəzində görüş bir az çətin, bir az daha məsuliyyətlidir”.
Poeziya, qəzəl axşamını xatırladan görüş emosional, səmimi alınmışdı. O danışır, hər tərəfdən ona dikilən gözlər sevgi ilə gülümsəyir, alqışlar ətrafa səpələnirdi. Tamaşaçıların bildiyi, bəlkə də müsahibələrində dəfələrlə danışdığı məqamlardan həvəslə söz açan heç bir sualı cavabsız qoymadı. Aktyorluq peşəsinə gəlməyindən, milli kinematoqrafiyamızın hazırkı vəziyyətindən, kinoda yaratdığı obrazlardan, sevdiyi rollarından danışdı.
Ölkə rəhbərinin sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunan “Nəsimi ili”ndən də söz açan aktyor “Biz Nəsimi ili”ni ilk dəfə ötən əsrin 70-ci illərində hiss etdik. O zaman UNESCO-da şairin yubileyi qeyd edildi. O dövrdə Nəsimini yaxşı tanımırdılar. Onu da deyim ki, “Nəsimi” filmindən əvvəl mən beş filmdə yoxlamadan keçmişdim. Lakin məni rejissorlar bəyənməmişdilər. Ona görə də məni bu filmdə baş rola dəvət edəndə heç inanmadım. Təsdiq olunanda isə qorxmağa başladım. Çünki epizodik rolda oynasaydım, pis alınsa da, fikir verməzdilər. Amma baş rolda çəkilməyim məsuliyyətli bir iş idi. Şükür ki, hər şey gözlədiyimdən də yaxşı qurtardı. Çünki bu ekran işi mənim yox, böyük bir yaradıcı heyətin və bəşəri dəyər Nəsiminin adı, uğuru, əməyi idi.
Sevinirəm ki, bu filmə indi də maraqla baxırlar. Azərbaycanın klassikləri məktəblərdə, universitetlərdə geniş tədris olunmalıdır. Çünki Nəsimi, Nizami, Füzuli kimi şairlərin yazdıqlarını qavramaq asan deyil. Baxın bu gün bir çox xalqlar Nəsimini öz şairi kimi təbliğ edirlər. Əslində isə o, Azərbaycan şairi olmaqla yanaşı, həm də bəşəri şairdir. Nəsimi poeziyasının fəlsəfəsi çox dərindir”.
Balaca tamaşaçılardan birinin “Əgər “Nəsimi” filminin rejissoru olsaydınız, yenə də baş rola özünüzü çəkərdiniz?” sualına “Yaxşı ki, rejissor olmadım, yoxsa özümü necə çəkərdim” deyə cavab verdikdən sonra yaxşı aktyor kimi formalaşmağın yollarından da danışdı. Bildirdi ki, aktyor, ilk növbədə, teatrda olmalıdır, sonra kinoya gəlməlidir. Çünki teatr aktyoru tez-tez məşqlərdə olur, rolu üzərində ciddi hazırlaşır, bir növ özünü yetişdirir. Kinoya isə hazır formada gəlir.
Məsələlərə obyektiv yanaşması ilə seçilən aktyor müasir televiziya serialları, kommersiya filmləri, onların ssenariləri, ümumilikdə müasir kinodramaturgiya ilə bağlı suallara da aydınlıq gətirdi: “Gərək hamısını danışaq. Olanımızı deyiriksə, olmayanımızı da deyək. Bu gün yaxşı ssenarilər yoxdur, rejissorlar təsadüfi, rejissuraya dəxli olmayan adamlardır. Gördüyünüz kimi, əksər telekanallarda seriallar çəkirlər. Özü də 40 seriya film çəkirlər, düşünürsən ki, bu nə demək istəyir? 40 seriyada bunun fikri nədir? Fəxrəddin Manafovun çəkildiyi bir film var. O filmdə mən də çəkilmişəm. “Köhnə bərə”.
O film çəkiləndən sonra onu zəif ekran işi kimi qələmə verdilər. Bu yaxınlarda ona yenidən baxdım. Gördüm ki, o zaman zəif adlandırılan bu filmin gözəl mənası var, orada tərbiyə var”.
R.Balayev bütün bunlara rəğmən yeni filmlərin, serialların, ümumilikdə kino ilə bağlı prosesin dayanmamasını arzu etdiyini dedi: “Yadımdadır, 1994-cü ildə Türkiyədə iki filmə çəkildim. Onda türk filmi çox zəif idi. Mən baxırdım və təəccüblənirdim. Amma həvəslə çəkirdilər. Sonra qruplarla Almaniyaya, Amerikaya adamlar göndərib, oxutdular. Bu gün görürsünüz türk filmləri və serialları dünyanı fəth edib. Bütün dünyada çox məşhur olublar. Filmlərinə görə inkişaf ediblər. Dediyim odur ki, bu şeyləri nəzərə almaq lazımdır. Bütün çətinliklərə baxmayaraq, mən sabaha nikbin baxıram. Zaman hər şeyi öz yoluna qoyacaq, arzu etdiyimiz inkişafa gəlib çatacağıq”.
Qonaqların qəzəl dinləmək arzularını da nəzərə alan aktyor alqışların müşayiəti ilə Nəsiminin “Neylərəm?”, “Hardasan”, “Olmuşam” qəzəllərini böyük bir şövq ilə söylədi. Sürəkli alqışların müşayiətində gah Nəsimi kimi eşq odunda yandı, gah Babək kimi amiranə kükrədi, gah da sükut içində auditoriyanı dinlədi. Ki, sevgi etiraflarını eşidib, alqışlarda xoşhal olsun...
HƏMİDƏ